Plenar iclaslar 16 May 2023, 17:17 | Baxış sayı: 124
“Azərbaycan üçün yazılmış ssenarilər alt-üst edildi”

Milli Məclisin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında spiker Sahibə Qafarova çıxış edib. Musavat.com spikerin çıxışının tam mətnini təqdim edir:

Hörmətli həmkarlar!

Hörmətli xanımlar və cənablar!

Böyük məmnunluqla bildirirəm ki, Milli Məclisin xüsusi iclası xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.

Hörmətli həmkarlar!

Bu gün burada bizimlə bərabər olan parlament sədrlərini və sədr müavinlərini, millət vəkillərini, beynəlxalq təşkilatların təmsilçilərini, diplomatları, bütün qonaqlarımızı hamımızın adından səmimi qəlbdən salamlayıram.

Qeyd edim ki, xarici ölkələrin 12 parlament sədri, 15 sədr müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iclasımızda iştirak edirlər. Ümumiyyətlə, xarici ölkələrin 228 nəfər nümayəndəsi Bakıya təşrif buyurmuşdur.

Qonaqlarımızın təmsil etdikləri ölkələrin coğrafiyası dörd qitəni əhatə edir. Bu gün biz hörmətli qonaqlarımızın ürək sözlərini dinləyəcəyik.

İndi isə mən böyük şəxsiyyət və müdrik rəhbər haqqında düşüncələrimi sizinlə bölüşmək istəyirəm.
Hörmətli xanımlar və cənablar!

Həqiqi milli liderlər həm sağlığında, həm də dünyasını dəyişəndən sonra onların əməllərinin və ideyalarının sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır. Azərbaycanın öz tarixi ərzində yetişdirdiyi ən böyük siyasi və dövlət xadimlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilmiş, fəaliyyəti dünya siyasət sənəti xəzinəsinə daxil olmuşdur.

Onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir.
1969–1982-ci illərdə Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və irəlini görmək məharəti sayəsində ölkəmiz heyrətamiz inkişaf yolu keçdi. Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri olan Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoydu.

Heydər Əliyev böyük uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltdi. Ölkə həyatının bütün sahələrində quruculuq işləri geniş vüsət aldı. Minlərcə sənaye müəssisəsi inşa edildi, kənd təsərrüfatı istehsalı dəfələrlə artırıldı. Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi.

Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsinə imkan verən zəngin iqtisadi potensial yaradıldı. Bunu belə bir fakt da sübut edir ki, keçmiş SSRİ məkanında İttifaq büdcəsindən dotasiya almayan iki respublikadan biri Azərbaycan idi.

Bu illər tariximizə mədəni intibah dövrü kimi daxil oldu. Azərbaycan incəsənətinin bütün sahələrində yüksəliş dövrü yaşandı. Ədəbiyyat, musiqi, teatr, balet və digər yaradıcılıq sahələri sürətlə inkişaf etdi. Xalqın milli mənlik şüurunun güclənməsinə təkan verən, tarixi ənənələrinin qorunmasına yönələn tədbirlər görüldü. Mövcud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi.

Təhsilin inkişafına, respublikadan kənarda kadr hazırlığına diqqət artırıldı. Hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görüldü.

Hörmətli xanımlar və cənablar!

1982–1987-ci illərdə Heydər Əliyev Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Bu vəzifədə o, SSRİ-nin 12 nazirliyinin və 20-yə yaxın komitəsinin fəaliyyətinə nəzarət edirdi. Heydər Əliyevin rəhbərlik etdiyi Operativ Məsələlər Komissiyası Sovet İttifaqının təsərrüfat idarəçiliyinin bir çox aktual məsələləri ilə məşğul olurdu. Onun rəhbərliyi ilə sosial sahədə, təhsildə və səhiyyədə islahatlar aparılırdı.

Bundan əlavə, Ulu Öndər xarici iqtisadi əlaqələr sistemini idarə edən əsas rəhbərlərdən biri idi, SSRİ-nin Asiya və Yaxın Şərqdə beynəlxalq əlaqələri ilə bağlı qərarların qəbul edilməsində mühüm rol oynayırdı. O, bir sıra digər sahələrə aid layihələrdə də yaxından iştirak edirdi.

Xüsusi vurğulamaq lazımdır ki, Moskvada çalışanda da Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün qüvvə və bacarığını əsirgəmirdi.

Ulu Öndərin Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik niyyəti bəsləyən qüvvələrin qarşısında ən böyük sipər idi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar. Məhz həmin istefa Azərbaycana qarşı məkrli planların reallaşdırılması yolunda ilk addım oldu.

Hörmətli xanımlar və cənablar!

Bu məsələdən danışarkən biz hər dəfə bir məqama diqqəti cəlb edirik. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi, Sovet İttifaqının rəhbərlərindən biri olduğu dövrlərin təhlili göstərir ki, etibarlı və səriştəli siyasi rəhbərlik amili cəmiyyətin və dövlətin inkişafında həlledici rol oynayır.

Bu həqiqəti xalqımız 1988–1993-cü illərin faciəli hadisələri zamanı bir daha yəqin etdi. Respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin qeyri-peşəkarlığı, bəzən də xəyanət yoluna düşməsi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı fəlakət həddinə gətirib çıxarmışdı. Ermənistandan azərbaycanlıların kütləvi şəkildə qovulması, Sumqayıt fitnəsi, Qanlı yanvar qırğını, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsi, Xocalı soyqırımı, digər faciələr, Şuşanın, Laçının, başqa torpaqlarımızın işğal edilməsi, insanlarımızın öz vətənində didərgin salınması − bütün bunlar Azərbaycana qarşı yönələn məkrli planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri idi.

O vaxt çoxları inanmırdı ki, Azərbaycan bu qədər böyük təhlükələrdən qurtula biləcək və 1991-ci ildə bərpa etdiyi müstəqilliyini qoruyub saxlayacaqdır. Amma dillərdə dastan olan vətəndaş hünəri, siyasətçi qəhrəmanlığı tarixin gedişini dəyişdi, Azərbaycan üçün yazılmış ssenarilər alt-üst edildi.

1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi, xalqımızın mənliyi və ləyaqəti müdafiə olundu. Əgər o vaxt ölkədə cərəyan edən proseslərə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövləti haqqında danışmaq çox çətin olardı.

Ulu Öndərin o dövrdəki fəaliyyətinin əhəmiyyəti onun belə bir kəlamında çox dəqiq ifadə olunmuşdur: O deyirdi ki “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Hörmətli xanımlar və cənablar!

Azərbaycan dövlətini tarixin çətinliklərindən çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə və ən əsası xalqa tükənməz məhəbbət tələb olunurdu.

Əminliklə demək olar ki, Ümummilli Liderimizin dünyanın böyük güclərinin iradəsinə qarşı çıxması onun öz xalqı və Vətəni qarşısında fədakarlığı idi. Tamamilə təbiidir ki, sonralar ölkənin qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü “Milli qurtuluş günü” kimi dəyərləndirmişdir.

Hörmətli xanımlar və cənablar!

Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq timsalına çevrilmişdir. 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Ulu Öndərin xilaskarlıq missiyasında ilk addımı ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin, terror və dövlət çevrilişi cəhdlərinin qarşısını almaq oldu.

Ulu Öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən vacib vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüş yaratdı. 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu.

Ölkədə möhkəm ictimai-siyasi sabitliyin təmin edilməsi Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı. Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edildi.

Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Neft Fondu yaradıldı. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı.

Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Ölkəmiz ardıcıl və dinamik inkişaf yoluna çıxdı.

Azərbaycan Respublikasının elmi əsaslar üzərində qurulan xarici siyasət konsepsiyası hazırlandı və həyata keçirilməyə başlandı. Azərbaycanı dünyaya birləşdirən siyasi bağlar möhkəmləndirildi. Xarici dövlətlərlə yaxın münasibətlər quruldu, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların bərabər hüquqlu üzvü oldu.

Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya hazırlandı və qəbul olundu, demokratik seçki mexanizmi bərqərar edildi.

Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı.

Ölkədə onlarca yeni siyasi partiya yaradıldı və sərbəst fəaliyyətə başladı. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu.

Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı.

Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi.

Hörmətli xanımlar və cənablar!

Tale Heydər Əliyevi xüsusi bir missiya üçün seçmişdi. O özü də bunu hiss edirdi. Bu hiss, bu duyğu ona güc verir, başqalarını aciz edən çətinlikləri aradan qaldırmaqda, xalqımız üçün hazırlanmış buxovları qırmaqda ona kömək edirdi.

Heydər Əliyevin dərin zəkası və siyasi duyumu ilə mərdliyi, cəsarəti və əzmkarlığı vəhdət təşkil edirdi. Onun bütün varlığı vətənə məhəbbətlə yoğurulmuşdu, gücünü xalqdan alırdı. Xalq da Heydər Əliyevə sonsuz sevgisi və ehtiramı ilə cavab verirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin fəaliyyəti haqqında belə demişdir: “Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lideri seçərək, öz taleyini ona etibar etdi və yanılmadı. Azərbaycan xalqı müdrik xalqdır, dəfələrlə ən çətin anlarda, ən çətin dövrlərdə yeganə düzgün müdrik qərar qəbul etmişdir.

Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir”.

Hörmətli xanımlar və cənablar!

Heydər Əliyevin başladığı işləri eyni əzm və iradə ilə, daim dəyişən tarixi şəraitin tələblərinə uyğun şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Cəmiyyət və dövlət həyatının bütün sahələrində əldə edilən uğurlar dünyanın diqqətini Azərbaycana cəlb etmişdir.

Yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan vermişdir – dövlətimizin taleyüklü problemi həll edilmiş, torpaqlarımızın 30 illik işğalına son qoyulmuş, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olunmuşdur.

Azərbaycan Respublikası gələcəyə inamla baxan, dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətdir. İnamla söyləmək olar ki, həyata keçirilən uzaqgörən siyasət Azərbaycan dövlətinə və xalqına indiyə qədər olduğu kimi, qarşıdakı illərdə də yeni-yeni uğurlar gətirəcəkdir.

Hörmətli xanımlar və cənablar!

Əminəm ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti daim var olacaq, Ulu Öndərin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.

Diqqətinizə görə sağ olun.

Xəbərlər