"Azərbaycan-Türkiyə qardaşlığı sanki Çanaqqala, Bakının qurtuluşunu, Qarabağ savaşını yenidən yaşayır"
"Bu günlərdə Azərbaycan və Türkiyə qardaşlığı İstiqlal və Çanaqqala savaşını, Bakının qurtuluşunu və Qarabağın azadlığını sanki, yenidən yaşayır".
Musavat.com xəbər verir ki, bunu deputat Azay Quliyev bildirib. O qeyd edib: "Qardaş Türkiyədə dağıdıcı zəlzələnin dəhşətlərini hər gün görmək hamımıza çox böyük əzab və iztirab verir. Həqiqətən, təbii fəlakətin maştabı, həyatını itirənlərin və yaralıların sayı o qədər çoxdur ki, belə bir faciənin öhdəsindən gəlmək üçün bütün dünyanın Türkiyənin yanında olmasına ehtiyac var. Çünki, heç bir dövlət təkbaşına bu yükü qaldıra bilməz.
Hadisə baş verdiyi andan etibarən hörmətli Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ilk olaraq Qardaşının yardımına yürüdü, qardaşlıq və vəfa borcunu yerinə yetirməyə başladı. Hər kəs, istər dövlət, istər qeyri-hökumət təşkilatları və istərsə də adi vətəndaşlar zəlzələdən zərər çəkmiş qardaş-bacılarına yardım etmək üçün mümkün olan hər şeyi edirlər. Bir tərəfdən insanları dağıntılar altından çıxartmaq, digər tərəfdən qışın soyuğu ilə üz-üzə qalanları donmaqdan qorumaq, onları ərzaq, isti paltar və yataqla təmin etmək üçün mümkün olan hər şey edilir, hamı yardım toplamağa və köməyə ehtiyacı olanlara əllərindən gələni etməyə çalışır.
Bunları görmək, həm, bizi duyğulandırır, həm də, bizə qürur verir.
Çətin və tarixi sınaq anlarında gördüyümüz bu, mənzərə sanki 1915-ci ildə Çanakkala, 1918-ci ildə Bakının qurtuluşu, 1919-1923 -cü illərdə İstiqlal və 2020-ci ildə Qarabağ savaşlarında Azərbaycan və Türkiyənin birgə apardıqları mücadiləni, göstərdikləri fədakarlığı xatırladır. Belə bir fədakarlıqla təbii fəlakətin nəticələrini aradan qaldırmağa çalışan Azərbaycan və Türkiyə qardaşlığın, dostluğun və sarsılmaz birliyin yeni tarixini yazır və yenidən bu birliyi dünyaya nümayiş etdirir.
Əbədiyyən var olacaq bu birliyə və qardaşlığa eşq olsun!
Bir daha Türkiyədə zəlzələ nəticəsində həyatlarının itirən bacı və qardaşlarımıza Allahdan rəhmət diləyir və yaralılara tezliklə sağalmağı arzulayıram.
Başın sağ olsun, Türkiyəm!"
Musavat.com