Siyasət 25 İyul 2023, 16:56 | Baxış sayı: 84
"Azərbaycan tarixə qovuşan Minsk qrupunun dirçəldilməsinə yol verməyəcək"

"Azərbaycan suverenliyinin beynəlxalq manipulyatorların siyasi alver predmetinə çevrilməsinə yol verməyəcək".

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O söyləyib ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmamasının əsas səbəbi müxtəlif siyasət dəhlizlərində ayrı-ayrı dövlətlər tərəfindən İrəvana verilən gizli dəstək və vədlərdir: "Hazırda isə bəzi Qərb ölkələri tarixə qovuşmuş ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi istiqamətində cəhdlər göstərirlər. Təəssüf ki, belə cəhdlər okeanın o tayındakı bəzi mərkəzlər tərəfindən də dəstəklənir".

Deputat vurğulayıb ki, bütün bunlar Cənubi Qafqazın sülh regionuna çevrilməsini daha da mürəkkəbləşdirir: "Şübhəsiz ki, bu cür cəhdlər əbəsdir və elə cəhd olaraq da qalacaq. Hazırkı mürəkkəb tarixi şəraitdə böyük güc mərkəzləri beynəlxalq hüququ və qlobal siyasi dəyərləri istismar edərək gözdən salırlar. Rusiya-Ukrayna müharibəsi kontekstində bu, daha aydın görünür. Kollektiv Qərb Ukrayna xalqının faciəsi hesabına Rusiya ilə hərbi-siyasi hesablaşma aparır. Başqa bir tərəfdən öz strateji maraqları naminə Rusiya ilə razılaşmaq üçün gizli danışıqlar fürsəti axtarır".

H.Babaoğlu əlavə edib ki, eyni qaydada dünyanın ən fərqli coğrafiyalarında, ən fərqli platformalarda bir-biri ilə savaşan Rusiya və kollektiv Qərb Ermənistan-Azərbaycan məsələsində yenidən bir araya gələrək əməkdaşlıq etməyə hazır görünür: "Ancaq bu, mümkün olmayacaq. Çünki Azərbaycan öz müttəfiqləri ilə birlikdə əsla tarixin arxivinə göndərdiyi Minsk qrupunun yenidən ölkəmizin suveren hüquqları üzərində təzyiq qurmasına izn verməyəcək".

report.az

Xəbərlər