"Azərbaycan Şərq və Qərb arasında cazibə mərkəzinə çevrilir"
“Azərbaycan öz dövlətçiliyinin inkişafı tarixində mühüm bir mərhələyə qədəm qoyub”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, yerləşdiyimiz coğrafiya dünya xəritəsində mühüm bir siyasi coğrafiya kimi səciyyələndirilsə də, onun strateji mövqeyi heç vaxt indiki qədər cəlbedici olmayıb: “Bu, hər şeydən öncə ölkəmizin həyata keçirdiyi düşünülmüş məqsədyönlü siyasət sayəsində mümkün olub. Nəzərə almaq lazımdır ki, hər nə qədər geostrateji mövqeyimiz Şərq və Qərb və Şimal və Cənub arasında keçid rayonu kimi görünsə də, dünya okeanına çıxış imkanlarımız olmadığı üçün bu rol həmişə bir növ natamam olub. Hazırda isə Azərbaycan həyata keçirdiyi çoxşaxəli və çoxtəyinatlı kommunikasiya vasitələri ilə bu natamamlığı ardan qaldırmağı bacarıb. Əgər bunun bir qismi iqtisadi və enerji təhlükəsizliyi kommunikasiyaları ilə mümkün olubsa, digər bir qismi uğurla həyata keçirilən hərbi-siyasi təhlükəsizlik konsepsiyalarının realizə olunması ilə bağlıdır. Elə əldə etdiyimiz tarixi Zəfərimiz də məhz bu sayədə mümkün olub. Bu isə dərin strateji siyasi-diplomatiya və əlverişli enerji və iqtisadi layihələrin mümkün olan əl optimal kombinasiyasıdır. Ona görə də bu gün Azərbaycanın dünya siyasətində, ya da regional siyasətdə yerini və rolunu qiymətləndirərkən onu təkcə etibarlı enerji təminatçısı kimi yox, həm də çoxqütblü dünya nizamında müttəfiqləri ilə birlikdə mümkün təhlükəsizlik mərkəzlərindən biri kimi qəbul etmək lazım gəlir. Bu yeni strateji status isə Şərq-Qərb və Şimal-Cənub vektoru üzrə yeni dünyanın gələcək geostrateji mənzərəsində Azərbaycana olan inamın və etimadın paradiqmasını təyin edir”.
Deputat qeyd edib ki, əgər Şərq-Qərb xətti Çindən Avropaya qədər uzanan tarixi ticarət yolu üzərində olan dövlətlərin maraqları baxımından Azərbaycanı cazibə mərkəzinə çevirirsə, Şimal-Cənub xətti eyni maraqları Skandinaviya və Rusiyadan Xəzər-Sakit okean və Hind okeanı üzrə təyin edir: “Yəni Avroatlantika və Hind-Çin strateji dairəsi Azərbaycanda kəsişməklə iki istiqamət üzrə şaxələnir. Qeyd etmək lazımdır ki, hazırda dünyada baş verənlər təkcə yeni multipolyar dünya nizamına keçid kimi xarakterizə edilməməlidir. İndiki vəziyyət həm də ilkin orta əsrlərdə yaşanan böyük xalqlar köçü dövrünü xatırladır. Dünyada fərqli dinlərin və millətlərin milyonlarla mənsubu xaotik şəkildə miqrasiya edir. İlk baxışda bu, sadəcə Şərqdən Qərbə doğru axın kimi görünsə də, alt qatlarda daha çox iqtisadi və maliyyə köçü Qərbdən Şərqə doğru hərəkət edir. Bu isə gələcəkdə tamamilə yeni demoqrafik mənzərə formalaşdıracaq. Tarixin bu məsuliyyətli mərhələsində Azərbaycan həm milli-dini identikliyini öz klassik etnomədəni və etnosiyasi coğrafiyasında möhkəmləndirir, həm də bunu hərbi-siyasi və iqtisadi gücü ilə dəstəkləyir. Bu prosesdə ən mühüm komponent olan mənəvi gücü isə tarixi qələbəmiz təmin edir. Ona görə də, önümüzdə olduqca mühüm siyasi–strateji üfüqlər görünməkdədir ki, Azərbaycan bütün gücü ilə o üfüqləri yaxınlaşdırmadadır”.