"Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər"
Ermənistanın xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti 200 illik bir dövrü əhatə edir. Əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü vaxtdan etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və azərbaycanlıları əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində sıxışdırmışlar. Yaranmış ictimai-siyasi vəziyyətdən istifadə edən ermənilər xalqımıza qarşı soyqırımı aktları törətmiş, İrəvan, Zəngəzur, Göyçə kimi əzəli torpaqlarımızdan soydaşlarımızı qovmuş, yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etmişlər. Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması sovet dövründə də davam etmiş, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib.
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağıdılması, minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, Ermənistanın törətdiyi təxribatlar 2020-ci ilin yay aylarında xüsusilə geniş və davamlı xarakter alıb. Həmin il sentyabrın 27-də Ermənistan növbəti hərbi təxribata əl atıb. Ermənistan silahlı qüvvələri nəinki Azərbaycan Ordusunun mövqelərini, həmçinin Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutublar. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verib.
“44 gün davam edən Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə birgə Bəyanat imzaladılar. Beləliklə, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, Azərbaycan xalqı işğalla barışmadığını möhtəşəm Qələbəsi ilə sübut etdi. Xalqımız bu Qələbəyə xalq-dövlət-ordu birliyi sayəsində imza atdı”, - deyə C.Osmanov qeyd edib.
Deputat Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirən Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu vurğulayıb: “İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası artıq dünya hərb tarixində yenilik hesab olunur və ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
44 günlük hərbi əməliyyatlar dövründə Ermənistan ordusu təxribatlara əl ataraq, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir kimi münaqişə zonasına aid olmayan şəhər və rayonları raket atəşinə tutaraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətdi. Təəssüf ki, Ermənistanın təxribatları hələ də davam edir. Onlar davamlı olaraq təxribatlar törədir, mina xəritələrini vermək istəmirlər. Dövlətimiz ərazilərin minalardan təmizlənməsi işini həyata keçirir və bərpa-quruculuq işlərinin sürətləndirilməsini təmin edir”.
C.Osmanov diqqətə çatdırıb ki, güclü Azərbaycan dövləti bütün bu işlərlə yanaşı canı-qanı bahasına torpaqlarımızı düşmən tapdağından azad etmiş hərbçilərimizi, şəhid ailələrini, qazilərimizi daim diqqət mərkəzində saxlayır, onlar üçün lazım olan hər bir şəraiti yaradır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi kömək göstərilməkdədir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Müharibə əlilləri 7 mindən artıq minik avtomaşını ilə təmin edilib. Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanıb və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir.
Vurğulanıb ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Hər bir qazi və şəhid ailəsi Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən hər zaman dövlətin diqqət mərkəzindədir. Bir sözlə, qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir. Vətən müharibəsində Qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenlərinin və 15 medalın təsis olunması Qələbənin əbədiləşdirilməsi, eyni zamanda, hər bir müharibə iştirakçısına ayrılan ali diqqətin təcəssümüdür. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Rəşadətli Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir və onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilib.