Siyasət 28 Noyabr 2022, 13:52 | Baxış sayı: 140
“Azərbaycan-Rusiya münasibətlərinin kökündə ciddi siyasi iradə, balanslaşdırılmış milli maraqlar dayanır”

“10 noyabr üçtərəfli Bəyanatın 4-cü maddəsində açıq mətnlə yazılıb ki,  “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Rusiya sülhməramlıları bölgəyə müvəqqəti şəkildə yerləşdi, amma erməni ordusunun bölmələri və qanunsuz erməni silahlı dəstələri hələ də Xankəndi və ətraf ərazilərdə qalmaqdadır və təəssüflər olsun ki, sülhməramlı kontingent də bu məsələyə göz yumur. Üstəlik nəinki, göz yumur, hətta ötən gün Azərbaycan DTX-nin rəisinin birinci müavinin də bəyan etdiyi kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaları daşınır, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılır. Habelə, Azərbaycan Müdafiə Nazirliyinin bəyan etdiyi kimi, son zamanlar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini tapmır. Tam tərsinə, Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində Azərbaycana qarşı təxribatlar müşahidə olunmaqda, dərc olunan məlumatlarda Azərbaycanın əzəli və əbədi yaşayış məskənləri uydurma erməni toponimləri ilə adlandırılmaqdadır. Azərbaycan Müdafiə Nazirliyi çox tutarlı bir açıqlama yayıb, vəziyyətdən narahatlığını bildirərək bəyan etdi ki, Qarabağ iqtisadi rayonu üzrə Azərbaycan toponimlərinin adlı siyahısı və xəritəsinin Rusiya sülhməramlı kontingentinə rəsmi qaydada göndərilib. Bu halda Rusiya Müdafiə Nazirliyi niyə belə təxribatlara yol verir? Bu bizim münasibətlərin səviyyəsinə, habelə, Azərbaycanın Rusiyaya münasibətinə adekvatdırmı? Yaxud Rusiya Prezidentinin istər müharibə, istərsə də sonrakı dövrlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək verən bəyanatları, habelə, üçtərəfli müqavilədə cənab Putinin imzasının olması fonunda  missiya mandatı müddətinin bitməsinə cəmi 3 il qalmış sülhməramlı kontingentin komandanlığı və Rusiya Müdafiə Nazirliyinin bəzi rəsmiləri nəyə nail olmaq istəyir? Bu insanlar başa düşməlidir ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil və 44 günlük savaşda biz nəyə qadirik, kimə qalib gəldik, hansı müasir sistemləri 18-20 dəqiqə ərzində məhv etdik, bütün dünya gördü. Ona görə də hər kəs anlamalıdır ki,  təxribatçı, səbatsız və sərsəm addımlarla Azərbaycana hansısa formada təsir etmək, bizi qərarlarımıza təsir etmək mümkün olmayacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

B.Məhərrəmovun sözlərinə görə, istər Rusiya Müdafiə Nazirliyinin narahatlıq yaradan addımları, istərsə də sülhməramlı kontingentin missiya və mandatından kənar davranışlarının bir adı var: Rusiyada ali siyasi iradəyə qarşı qiyam: “Bu gün çox yüksək səviyyədə olan Rusiya Azərbaycan münasibətlərinin korlanmasında maraqlı olan Moskvanın mövqeyini erməni diasporu və Fransa kapitalına satan bu qiyamçı hərbi-siyasi klan başa düşməlidir ki, Azərbaycan-Rusiya münasibətlərinin kökündə ciddi siyasi iradə, iqtisadi təməllər, sosial amillər, mədəni bağlar, balanslaşdırılmış milli maraqlar və ən əsası isə liderlərin yüksək səviyyədə şəxsi münasibətləri dayanır və bu kimi  gedişlər Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna ciddi zərbədən başqa bir şey deyil”.

 

Xəbərlər