Siyasət 25 Aprel 2023, 18:02 | Baxış sayı: 188
"Azərbaycan ərazisində 10 mindən çox erməni terrorçusu var"

Laçın- Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra bölgədə yaşayan ermənilərin seçimi nə olacaq? Separatçılar ərazini tərk edəcəklərmi?

 

Bu barədə millət vəkili Hikmət Babaoğlunun Visiontv.az saytına açıqlaması belədir:

“Azərbaycan Prezidentinin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida…” cümləsinin məntiqi yekunu 2023 – cü il aprelin 23 – də Azərbaycan və Ermənistan arasındakı sərhəddə nəzarət buraxılış məntəqəsinin quraşdırılması ilə sona çatdı. Bununla da bir daha bir daha Azərbaycan beynəlxalq hüququn tələblərini yerinə yetirməklə özünün suverən hüquqlarını hər qarış ərazisində bərpa etmək üçün sonuncu nidanı qoymuş oldu. Yəni, əslində 1920 – ci ildən əsası qoyulan Muxtar vilayət statusu verilən Azərbaycanın bir ərazisi bu gün tamamən sərhədlərimizə daxil olmaqla 100 ildir davam edən bir münaqişədə 100 illik bir mərhələnin geridə qalmasıdır.

İndi qarşımızda başqa bir yeni mərhələ var. Bu mərhələ isə ondan ibarətdir ki, Qarabağda yaşayan erməni sakinlər ya Azərbaycan qanunlarını qəbul edib bizim bayrağımız altında rifaha və hüquqlarına qovuşmalı və yaşamalıdırlar. Ya da Azərbaycanı tərk etməlidirlər. Önümüzdə heç də sadə olmayan bir mərhələ var. Bu da o mərhələdir ki, hazırda Azərbaycan ərazisində 10 mindən çox erməni terrorçusu var. Onlar silahlıdırlar. Hər cür təxribatlar törətməyə potensialları var. Eyni zamanda 2000 - ə yaxın müvəqqəti rus sülhməramlı missiyası var ki, bunların da ötən dövr ərzində sübut olunduğu kimi məramları heç də sülh deyil. Onların məramı erməni separatçılarını dəstəkləməkdir.

Hadisələri isə yenidən 1988 – ci ilə qaytarmaqdır. Əslində Azərbaycan bundan sonrakı mərhələdə əsas məsələləri həll etdiyinə görə daha çox siyasi – diplomatik mücadilə içərisində olacaqdır. Yeni reallığın qəbul etdirilməsini və üzərində diplomatik əhəmiyyətini daha da gücləndirəcəkdir. Düşünürəm ki, A – dan sonra B deyilməlidir, məsələsinə gəldikdə isə bu sözün əsil mənasında bir siyasi aksiomadır. Yəni,əgər Ermənistanın baş naziri Paşinyan Soçidə və Praqada Azərbaycanın ərazi bütövlüyün tanıdığını bəyan edirsə, üstəlik də bir neçə gün əvvəl bunu Ermənistan parlamentində səsləndirirsə, demək artıq rəsmi şəkildə bunu sənədlərlə təsbit edib altına imza qoymağın vaxtı gəlib çatıbdır. Hazırda biz bu mərhələyə qədəm qoyuruq. Və bunun üçün bütün əsaslar var.

Artıq Ermənistan daxilində heç bir revanşist və radikallar Paşinyana etiraz edə bilməzlər ki, bu sənədi niyə imzalayır. Çünki, fakt göz qabağındadır. Paşinyan olmur kim olursa olsun hətta İkinci Qarabağ savaşında yenidən Azərbaycana qarşı savaşmaq üçün gələn Serjiklər, Köçəryanlar necə qaçıb getdiklərini xatırlayırlar. Onlar belə hakimiyyətdə olsa Azərbaycanın beynəlxalq hüquqa söykənən 5 baza prinsipi əsasında irəli sürdüyü sülh sazişinə imza atmalıdırlar. Bu gün reallıq bundan ibarətdir. Buna görə də Ermənistan nə qədər tez və praqmatik addımlar atarsa bir o qədər də regionda sülhə  tez nail olmaq mümkün olar. Əks təqdirdə bundan sonrakı hadisələrin inkişafı ilə bağlı bütün məsuliyyət yenə də Ermənistanın üzərinə düşür.”

Xəbərlər