Siyasət 6 Sentyabr 2023, 17:14 | Baxış sayı: 106
“Azərbaycan Prezidenti ilə görüşmək, əlini sıxmaq, şəkil çəkdirmək prestij məsələsinə çevrilib”

“Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto “Facebook” səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün yekunlarına dair olduqca maraqlı və diqqəti cəlb edən yazı paylaşıb. Vurğulayıb ki, “2010-cu ildə Azərbaycanla necə əlaqələr qurmağa başladığımız yadımdadır. Biz o zaman necə təhdidlərlə üzləşməli olduq, bu gün isə Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar”. Bu, çox ciddi, obyektiv və ədalətli etirafdır. Həqiqətən də vaxtilə Azərbaycanla soyuq münasibətlərdə olan, Azərbaycana qarşı müxtəlif təzyiq üsullarına əl atan bir çox Qərb dövlətləri və onların liderləri indi Azərbaycan Prezidentinə böyük etimad göstərir, Azərbaycan Prezidenti ilə görüşmək, onun əlini sıxmaq, onunla şəkil çəkdirmək prestij məsələsinə çevrilib. Bu da təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin sözləridir: “Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözünün mənası və çəkisi böyükdür”. Prezident olduqca təvazökar insandır, buna görə də demir ki, əslində Azərbaycanın bu gün sözünün məna və çəkisi ona görə böyükdür ki, elə də böyük olmayan dövlətə son dərəcə böyük, güclü lider rəhbərlik edir. Azərbaycan Prezidenti elə də böyük olmayan dövlətin dünya səviyyəli lideridir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

Deputat bildirib ki, hazırda dünyada çox güclü lider defisiti var: “Bu gün heç də ABŞ-a Franklin Delano Ruzveltlər, Böyük Britaniyaya Vinston Çörçillər, Fransaya Şarl de Qollar rəhbərlik etmirlər. Şarl de Qoll dirilib görsəydi ki, onun yaratdığı 5-ci respublikaya Emmanuel Makron kimi bir prezident rəhbərlik edir, yəqin ki, o, əbədi dünyasına yenidən qayıdardı, bu dünyada yaşamaq istəməzdi. Reallıq bundan ibarətdir. Dünyanın çox güclü siyasi liderlərə ehtiyacı var. Bu reallıq fonunda cənab Prezident İlham Əliyev, onun dostu, qardaşı Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çox güclü liderlərdir. Onların birgə səyləri təkcə öz ölkələrində deyil, həm də regionda, beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təminatına böyük töhvələr verir. Hər iki lider öz dövlətinin nüfuzunun beynəlxalq aləmdə güclənməsi və söz sahibinə çevrilməsi üçün əlindən gələni edib, buna da nail olub. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada çox böyük hörmət və etimada malikdir. Çünki son 200 il ərzində torpaqlarımızı itirirdik. Yeganə liderdir ki, onun hakimiyyəti tarixə həm də Azərbaycanın işğal altında olan tarixi torpaqlarının geri qaytarılması ilə düşdü. Bu misilsiz addımı ilə öz adını təkcə ölkəmizin deyil, həm də dünyanın hərb tarixinə birdəfəlik həkk etmiş oldu. Azərbaycan Prezidenti üçün ilk növbədə dövlətin müstəqilliyi, onun milli maraqlarının müdafiəsi prioritet təşkil edir. Bu məqsədlə də müstəqil siyasət həyata keçirir. Özünün də qeyd etdiyi kimi, böyük bir dövlətin qanadları arasına sığınıb ölkənin daxili və xarici siyasətini aparmaq ən asan yoldur. Biz isə çətin yolu seçmişik, lakin şərəfli yoldur. Bu, müstəqillik yoludur, bu yolda təzyiqlərlə də üz-üzə qalırıq. Təzyiqlər fonunda immunitetimiz güclənir. Bizi güclü edən fundamental səbəb hakimiyyət və xalq arasındakı birlik, xalqın öz Prezidentini müdafiə etməsi, onun arxasında dayanması, Prezidentin məhz xalqın milli mənafeyindən irəli gələn siyasət həyata keçirməsidir. Bu reallıqlar fonunda Azərbaycanda səfərbər olmuş cəmiyyət formalaşıb, vətəndaş həmrəyliyi hökm sürür”.

pravda.az

Xəbərlər