Plenar iclaslar 24 Oktyabr 2023, 14:14 | Baxış sayı: 147
"Azərbaycan polisinin maaşı yalnız fiks aylıq rəqəmdən ibarət deyil"

Bu gün Azərbaycan polisinin maaşı yalnız fiks aylıq rəqəmdən ibarət deyil.


Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Polis haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib.


Deputat bildirib ki, əvvəlki oxunuşlarda layihə ilə bağlı kifayət qədər geniş məlumat verilib, ikinci oxunuşdan sonra mahiyyət üzrə heç bir təklif daxil olmayıb:


“Sadəcə, bəzi həmkarlarımız polisin sosial rifahı ilə bağlı xoş niyyətli təkliflər səsləndirdi. Polsin rifahı daim dövlətin diqqət mərkəzindədir. Öncə Ulu Öndər, hazırda isə möhtərəm Prezidentin xüsusi qayğısı nəticəsində Daxili İşlər Nazirliyinin fəaliyyəti və infrastrukturunun təkmilləşməsi, o cümlədən polisin rifahı daim artan xətt üzrə inkişaf edib. Bu gün Azərbaycan polisinin maaşı yalnız fiks aylıq rəqəmdən ibarət deyil, polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla müəyyənləşən əsas maaşdan, habelə xüsusi günlərdə və əsas iş vaxtından əlavə işləməyə görə müəyyənləşən əlavə məbləğlərdən ibarətdir. Bundan başqa polis əməkdaşına xidmət şəraitinə görə əlavələr, birdəfəlik müavinət və başqa ödənişlər verilir. Polis əməkdaşları və onların ailə üzvləri dövlət tibb xidməti ilə təmin edilir.


Polis əməkdaşının özünü doğrultmuş pensiya və sosial təminat mexanizmi mövcuddur, polisin həyat və sağlamlığı dövlət büdcəsi hesabına sığortalanır. Ən əsası isə polisin maddi və sosial təminatının yüksəldilməsi davamlı xarakter alıb. Ona görə də həmkarlarımıza diqqətlərinə görə təşəkkürümüzü bildirir və onları əmin edirik ki, Azərbaycan polisi özünün yüksəlməkdə olan sosial rifahından, dövlətin, şəxsən Prezidentin qayğısından çox razıdır. Bu gün dövlət başçısının da iradəsi ondan ibarətdir ki, qalib Azərbaycanın qəhrəman polisi ən yüksək standartlara uyğun şəkildə yaşamağa layiqdir və bu istiqamətdə bütün zəruri tədbirlər görülməkdədir. Ən azından son 5 illik dövrü təhlil etdikdə bu reallığı aydın formada görə bilərik”./APA

Xəbərlər