Siyasət 3 İyul 2023, 15:01 | Baxış sayı: 90
"Azərbaycan polisi erməni işğalçılarına qarşı iki müharibənin də qəhrəmanıdır"

Bütün dövlətlərdə ictimai asayişin qorunması, daxili təhlükəsizliyin mühafizə edilməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məhz dövlətin güc strukturlarının, xüsusilə də polis orqanlarının fəaliyyəti ilə bağlıdır.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, 105 illiyini qeyd etdiyimiz Azərbaycan polisinin isə fəaliyyəti təkcə sadaladığımız ümumi standart çərçivə ilə məhdudlaşmır. Çünki Azərbaycan polisi son 30 ildə erməni işğalçılarına qarşı apardığımız iki böyük müharibənin də qəhrəmanıdır: “Ancaq bu da məsələnin hamısı deyil. Çünki hazırda müharibələr kateqoriyalandırılarkən 21-ci əsrə aid olan üç xüsusi müharibə növündən də danışılır. Bunlar ümumi kontekstdə səssiz müharibələr kimi təsnif edilsələr də, konkret olaraq ayrılıqda tiryək, informasiya və dərman-qida müharibələri adlandırılırlar. Hazırkı mərhələdə Azərbaycan polisi digər klassik funksiyaları ilə birlikdə həm də hər üç müharibə kateqoriyası üzrə preventiv, yəni fasiləsiz olaraq müharibə aparmaq funksiyası yerinə yetirir. Hər bir Azərbaycan vətəndaşı bilir ki, onun cinayətkarlığa qarşı qorunmasının, özünü rahat hiss etməsinin, azad cəmiyyətdə yaşamasının və öz azadlıqlarından sutkanın 24 saatı ərzində sərbəst istifadə edə bilməsinin əsasında Azərbaycan polisinin gərgin əməyi və yüksək peşəkarlığı dayanır”.

Deputat qeyd edib ki, 1918-ci ildən başlayaraq, sovet dövrü də daxil olmaqla Azərbaycan polisi bu günə qədər cəmiyyətimizin və dövlətimizin əsas keşikçilərindən biri olub: “Hələ birinci Qarabağ savaşında polis orqanlarımız 1700-ə qədər şəhid verib, minlərlə qaziləri olub. Şanlı polisimiz bu ənənəni Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ savaşında da davam etdirib. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşı şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Ona görə də təsadüfi deyil ki, polis orqanlarımızın əməkdaşlarının ictimai rəydə hörmətəlayiq obrazı var. Bu, polisimizin vətəndaşlarımızı qorumasına vətəndaşlarımızın adekvat mövqeyidir”.

Hikmət Babaoğlu nəzərə çatdırıb ki, Azərbaycan polisi Vətən müharibəsinə paralel bir dövrdə səssiz müharibəyə - COVİD-19 pandemiyasına qarşı da vətəndaşlarımızın qorunmasına böyük töhfələr verib: “Ən nəhayət, son dövrlərdə polis orqanlarında aparılan ardıcıl islahatlar, qonşu İranın Azərbaycanı narkotik poliqonuna çevirməsinə qarşı polisimizin qətiyyətli mübarizəsi, kibercinayətkarlığa qarşı tamamilə fərqli müstəvidə önləyici tədbirlər görməklə yeni cinayətkar qruplaşmaları zərərsizləşdirməyi bacarması ayrıca təqdir edilməli bir haldır. Bu da qanunsevər vətəndaşlarımızın öz polisinə inamını və etimadını daha da artırır”.

Mənbə: APA

Xəbərlər