Siyasət 25 Aprel 2023, 16:08 | Baxış sayı: 122
"Azərbaycan öz ərazisində atacağı addımları kimləsə müzakirə etməyəcək"

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.


   Milli Məclisin deputatı Müşfiq Məmmədli Manevr.az-a açıqlamasında Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulmasını böyük tarixi hadisə və mühüm əhəmiyyət kəsb edən addım kimi dəyərləndirib.
 "44 günlük Vətən müharibəsindən sonra Azərbaycan imzalanmış 3 tərəfli bəyanata sadiq qalaraq bütün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ölkə rəhbəri bu müddət ərzində dövlətimizin məramını beynəlxalq tribunalarda qəti şəkildə bildirib. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Azərbaycan öz ərazisində atacağı addımları kimləsə müzakirə etməyəcək. Bunu birmənalı olaraq erməni hakimiyyəti, separatçılar və onlara havadarlıq edən qüvvələr bilməlidirlər!", - deyə M.Məmmədli qeyd edib. 
 

Xəbərlər