Siyasət 12 İyul 2023, 15:54 | Baxış sayı: 104
“Azərbaycan Ordusu regionun ən güclü ordusudur”

“Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O xatırladıb ki, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkəmiz üçün əsas prioritet istiqamətlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və bərpası, həm də ordunun daha da gücləndirilməsi olduğunu bir daha qeyd etdi:

“Ona görə də dövlət büdcəsinin dürüstləşməsi sayəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 1,8 milyard manat vəsait əlavə olundu. Ölkənin iqtisadi imkanları artdıqca dövlət büdcəsinə yenidən baxılır və bu istiqamətlərə daha çox vəsaitlər ayrılır. Belə ki, ilin sonuna qədər işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası işlərinə yatırılan investisiyanın həcmi 12 milyard manata qədər olacaq. Təbii ki, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsini dövlətimiz öz büdcəsi hesabına, heç bir xarici yardım olmadan icra edir. İşğaldan azad olunmuş ərazilərdə işlərin icra sürəti günü-gündən artır. Böyük Qayıdışa dair Dövlət Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin istifadəyə verilməsinin nəzərdə tutulması, o cümlədən, baş planları təsdiq olunaraq təməlləri atılmış 8 şəhər və 22 kəndin yenidən tikilməsi işlərinin sürətlə aparılması, Ağalıya, Talışa və Laçına keçmiş məcburi köçkünlərin qayıtmasına ölkə başçısının dönməz iradəsinin, vətənin hər qarışına olan yüksək məhəbbətin və yürüdülən uzaqgörən sosial-iqtisadi siyasətin, dövlətin artan iqtisadi gücünün sayəsində nail olunur”.

Deputat əlavə edib ki, dövlət başçısının qeyd etdiyi ikinci vacib istiqamət Silahlı Qüvvələrin daha da gücləndirilməsidir. Ona görə də büdcəyə yenidən baxılması imkanı formalaşan kimi dərhal ordunun gücləndirilməsinə 1,1 milyard əlavə vəsait ayrıldı.

“Biz bu siyasəti aparmaqla ölkəmizin qüdrətini artırırıq. Çünki bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq.

Təbii ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur. İkinci Qarabağ müharibəsində ordumuz öz gücünü göstərərək dünyanın güclü ordularından biri olduğunu döyüş meydanında sübut etdi. Amma elmi inkişaf etdikcə yeni texnologiyalar və silahlar istehsal olunur. Ordumuzun ən yeni texnologiyalar və silahlarla silahlandırılması əsas məqədimizdir. Ona görə də ölkə başçısı Silahlı Qüvvələrin gücləndirilməsi üçün nə qədər vəsaitə ehtiyac yaranarsa, ayrılacağını bir daha bəyan etdi. Prezidentin ordumuzun gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər sülh müqaviləsinin imzalanmasından yayınmaq istəyən Ermənistan və onun havadarları üçün də bir mesajdır. Yəni ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycanla heç kim güc və diktə dili ilə danışa bilməz. Bəli, bu gün Azərbaycan dövlətinin artan iqtisadi imkanları, dünyada artan nüfuzu və güclənən ordusu cənab Prezidentin dediyi hər bir sözü reallığa çevirir”, - A.Badamov vurğulayıb.

Xəbərlər