"Azərbaycan Ordusu mülki insanlara qarşı heç vaxt silah işlətməyib və bu gün də onları hədəf seçmir"
“Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra müharibənin başa çatdığını elan etmişdi. Ona görə də silahların yenidən işə düşməsini istəmirdi və üç ilə yaxın bir dövrdə Ermənistanla sülh müqaviləsinin bağlanması üçün müxtəlif platformalarda danışıqlara gedirdi. Ermənistan isə danışıqlar prosesini müxtəlif növ təxribatlarla manipulyasiya edərək sülh danışıqlarını uzatmaqla vaxt qazanır, sürətlə silahlanırdı. Bununla yanaşı, 2020-ci ilin 10 noyabrında imzalnamış üçtərəfli Bəyanatın tələblərini icra etməyərək Qarabağda 10 minə qədər silahlı saxlayırdı. Nəticədə Ermənistan və Qarabağdakı separatçılar Azərbaycanı anti-terror tədbirlərinə başlamağa vadar etdi”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Qarabağdakı qeyri-qanuni silahlılar separatçılarla birgə Ordumuzun mövqelərinə qarşı mütəmadi təxribatlar törədir, döyüş mövqelərini gücləndirmək üçün fortifikasiya qurğuların qazılmasına cəhdlər edir, yollarımızı yenidən minalayır və işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlər üçün potensial təhlükə yaradırlar: “Azərbaycan bu günə qədər separatçıların qeyri-qanuni silahlılarla bir yerdə etdikləri özbaşınalıqlara səbrlə yanaşır və qarşı tərəfi xəbardarlıq etməklə kifayətlənirdi. Amma bu gün Füzuli-Əhmədbəyli-Şükürbəyli yolunda yenidən yerləşdirilmiş minaların partlaması nəticəsində polislərimiz və inşaat sektorunun əməkdaşları xəsarət alıb, həlak oldular. O cümlədən radioelektron vasitələrlə mülkü təyyarələrə qarşı maneələr yaradır və öz çirkin əməllərinə davam etdilər. Vəziyyətin dözülməz olduğunu nəzərə alaraq Müzəffər Ordumuz bu gün lokal xarakterli anti-terror əməliyatına başladı və Müdafiə Nazirliyi bu barədə məlumat yaydı. Ordumuzun böyük döyüş təcrübəsinə uyğun anti-terror tədbiri düşmənin legitim hədəflərinə istiqamətlənib. Düşmənin döyüş texnikaları, komanda məntəqələri dəqiq silahlarla zərərsizləşdirilməklə qeyri-qanuni silahlılar neytrallaşdıracaq. Ordumuz mülki insanlara qarşı heç vaxt silah işlətməyib və bu gün də mülki insanları hədəf seçmir. Anti-terror tədbirləri lokal şəkildə aparılır və bu tədbirlərin Qarabağın ermənilər yaşadığı ərazilərdə Azərbaycan dövlətinin konstitusion quruluşunun bərpası ilə başa çatacağını hesab edirəm”.
pravda.az