“Azərbaycan istənilən miqyasda antiterror əməliyyatı keçirə bilər”
“Ağdamda mövqelərimizin atəşə tutulması bir daha ermənilərin əslində sülhü və sülh danışıqlarını atəşə tutması kimi qiymətləndirilməlidir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bu, hələ də Azərbaycan ərazisində silahlı erməni dəstələrinin erməni terrorçularının olmasının sübutudur.
"Halbuki üçtərəfli bəyanatda Ermənistan üzərinə öhdəlik götürmüşdür ki, Azərbaycan ərazisində Ermənistanın heç bir silahlı birləşmələri olmayacaqdır. Amma bu gün Azərbaycan mövqeləri atəşə tutulursa, demək silahlı birləşmələr var və onlar təxribatla məşğuldurlar. Azərbaycan daima bu cür təxribatlara qarşı qətiyyətli əməliyyatlar həyata keçirib.
Ermənilər əmin olsun ki, Azərbaycan sülhü əldə etmək üçün istənilən an, istənilən miqyasda, yəni bu vaxta qədər olduğundan miqyasda antiterror əməliyyatı keçirə bilər. Azərbaycanın antiterror əməliyyatları o vaxta qədər davam edəcək ki, artıq silahlı cinayətkarlar Azərbaycan ərazisində qalmasınlar".