"Azərbaycan İrandan fərqli olaraq terror təşkilatları və işğalçı ilə əməkdaşlıq etməyib"
“İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasına “mollavari” reaksiya verib, əbalı təxribatçılar Azərbaycan səfirinin “Qüdsün işğalçı rejiminə gətirilməsini pisləyiblər”. Bu “çirkli kağız parçası"nın hətta adı belə beynəlxalq normaların azı üç prinsipinin – "dövlətlərin daxili işinə qarşımamaq", "dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi" və nəhayət, "dövlətlərin suveren bərabərliyi" prinsiplərinin pozuntusudur”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan suveren dövlət kimi özünə tərəfdaş, müttəfiq seçməkdə sərbəstdir və İran heç bir formada bu məsələdə söz sahibi deyil: “İsrail-Azərbaycan münasibətlərini hədəfə almaqla İran dövlətlərin əməkdaşlıq öhdəliyi, o cümlədən BMT Nizamnaməsinin birinci maddəsinin 2-ci bəndinin məqsədləri üçün təhdid yaradır. Habelə İran Azərbaycanın xarici siyasət kursuna burnunu soxmağa cəhd etməklə bütün ümumtanınmış dövlətlərin bərabər hüquqlu beynəlxalq subyekt olması faktını arxa plana keçirməyə cəhd edir. Bəyanatın özünə gəlincə, terror rejiminin deputatları ilk növbədə iddia edirlər ki, “Azərbaycanın Qüdsü işğal edən sionist rejimin mərkəzində səfirlik açması İslam dünyasının mənafeyinə ziddir”. Bu bəyanatı imzalayan 210 "ağıllı" hər şeydən öncə başa düşməlidirlər ki, İran islam dövləti deyil və onların İslam dünyası adından danışmağa haqları yoxdur. Əks halda ən azı özünün qonşularından heç deyilsə, bir islam dövləti ilə normal münasibət olardı. İkincisi, necə olur ki, İran 30 il işğal altında qalan Azərbaycan torpaqlarında məscidləri, ziyarətgahları, Məhəmməd ümmətinin qəbirlərini dağıdan Ermənistana fasiləsiz hərbi-siyasi, maddi-mənəvi kömək edəndə, işğala, təcavüzə açıq dəstək verəndə, məscidləri donuz damına çevirənlərə arxa duranda, ərazilərimizə diversantlar, hərbi dəstələr göndərəndə bu islam mənafelərinə zidd olmurdu, amma işğalın, təcavüzün qarşısında qətiyyətlə mövqe tutan, Azərbaycanın haqq işinə açıq dəstək verən İsraildə səfirlik açmaq islam mənafelərinə zidd olur!? Bəs təcavüzkar Ermənistanda geniş tərkibli missiya ilə səfirlik açarkən, habelə postmüharibə dövründə, münasibətlərin həssas dönəmində Qərbi Zəngəzurda - Qafanda konsulluq açaraq hədyan bəyanatlar verərkən islami dəyərlər İranın yadına niyə düşmürdü? Məzlum fələstinlilərin haqlarından danışan molla parlamentinin "islam təəssübkeşliyi" bəs 30 il ərzində bir milyondan artıq müsəlman yurd-yuvasından didərgin düşəndə hardaydı? Utanmadan bizi "məzlum fələstinlilərin qətli və cinayətində sionist rejimin şəriki" hesab edən İran bilmirmi ki, bütün dünya müsəlmanları əslində elə İranın özünü Ermənistanın işğal ortağı sayır?! İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı evləri, məscidləri talan edib daşlarına qədər bazarlarda satmaq, qüdrətli Azərbaycan Ordusu işğala son qoyarkən isə buna açıq aqressiya göstərmək işğal ortağı olmaq deyilmi? Biz dostluqdan danışarkən Araz boyu hərbi təlimlər keçmək İranın "din qardaşlığı"nınmı göstəricisi idi? “Ərəb və İslam hökumətlərindən, İslam dünyasından Azərbaycanın İsraildə səfirlik açmasını qınamalarını xahiş edən” İran parlamenti hansı üzlə İslam dünyasına müraciət edir? Tehran hələ də anlamayıbmı ki, bütün müsəlman aləmi üçün İran dağıdıcı və bölücü radikal terror dövləti kimi tanınır?”.
Deputat qeyd edib ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi bəyan edib: “Müstəqillik tariximizdə də biz bu ali niyyətimizə sadiq qalmış, İrandan fərqli olaraq terror təşkilatları və qruplaşmaları, işğalçı və təcavüzkarlarla yox, sağlam mövqeli beynəlxalq subyektlərlə xalqlarımızın və dövlətlərimizin qarşılıqlı maraqları naminə əməkdaşlıq və tərəfdaşlıq etmişik. Bu mənada tərəfdaşlarımızı seçərkən hər il terror planlarına 20-30 milyard pul ayıran Tehranın bizə yol göstərməyə nə hüququ, nə də mənəvi haqqı yoxdur. İndi parlamentin bəyanatında müəyyən addımlar atacaqları barədə sərsəm sayıqlamalara gəlincə, əllərindən nə gəlir etsinlər, görək nə bacarırlar, yaxud baxaq onların səsinə səs verəcək bir islam ümməti olacaqmı?”.
Mənbə: APA