Siyasət 17 Aprel 2023, 14:43 | Baxış sayı: 109
"Azərbaycan ilə Bosniya və Herseqovina arasında münasibətlərdə yeni səhifə açılır"

Azərbaycan Balkanlarda çox faydalı və uğurlu əməkdaşlıq modeli ortaya qoyub. Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılması üçün imkanlar yaradır.

Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli AZƏRTAC-a açıqlamasında söyləyib.

Deputat bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç arasında aparılan danışıqlar və imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə yeni imkanlardan və perspektivlərdən xəbər verir. Azərbaycanla Bosniya və Herseqovina bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və müxtəlif beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Bosniya və Herseqovina ölkəmizə qarşı hər zaman xüsusi münasibəti ilə seçilib. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında mühüm sənədin imzalanması əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəldəcək. Bəyannamədə iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlıq, Bosniya və Herseqovinanın Orta Dəhlizdə iştirakı məsələləri əksini tapıb. Azərbaycan Bosniya və Herseqovinaya investisiya qoyuluşunu genişləndirməyi nəzərdə tutur. Təbii ki, qoyulan sərmayələr hər iki ölkənin tərəqqisinə xidmət edəcək. Avropaya təbii qazla yanaşı, yaşıl enerjinin ixracını da həyata keçirməyə başlayan Azərbaycan Bosniya və Herseqovina üçün maraqlı ölkədir.

Müşfiq Məmmədli bildirib ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin Azərbaycanın onun ölkəsində gördüyü işləri çox yüksək qiymətləndirməsi Azərbaycan ilə əməkdaşlığa verilən böyük önəmin göstəricisidir: “Çətin günlərdə xalqına və dövlətinə dəstək olduğu üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirən Jelka Tsviyanoviç qeyd etdi ki, Azərbaycan 2014-cü ildə baş verən daşqın zamanı, koronavirus pandemiyası dövründə öz yardımını əsirgəməyib. Banya Luka şəhərində tibbi mərkəz yaradılıb, Sarayevo şəhərində dostluq parkı salınıb, həmçinin Sarayevoda tibb müəssisəsi təsis edilib. O, vurğuladı ki, ölkəsinə hər hansı bir çətinlik baş verən vaxtda da Azərbaycan hər zaman Bosniya və Herseqovinanın yanında olub. Bosniya və Herseqovinanın lideri Azərbaycanın bu ölkədə səfirliyini açdığını və tezliklə ölkəsinin də Bakıda səfirliyinin açılacağını diqqətə çatdırdı. Mətbuata bəyanatında Bakı və Sarayevonın qardaşlaşmış şəhərlər olduğunu xatırladan Prezident İlham Əliyev budəfəki səfərdən sonra iki ölkə arasında qardaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi”.

Xəbərlər