Cəmiyyət 11 Yanvar 2022, 16:13 | Baxış sayı: 208
"Azərbaycan hökuməti xarici qüvvələrin ölkədə hansısa təhlükə yaratmasına imkan verməyib".

“Azərbaycanda, hətta Sovet dövründə də xarici dövlətlərin müəyyən kəşfiyyat nümayəndələri olub. Buna şübhə yoxdur. Müstəqillik illərində də xarici dövlətlərin, beynəlxalq güclərin ölkədə nümayəndəsi fəaliyyət göstərib. Təbii ki, hər bir tərəf - istər Qərb, istərsə də Şimal, Cənub dövlətləri - Azərbaycanda ictimai quruluşun özünə uyğun olmasını istəyir. Azərbaycan xalqı yeganə dövlət Türkiyədir ki, onunla tarixən çox yaxın olub, hətta Türkiyə bayrağını öz bayrağı kimi qəbul edib. Çünki Türkiyədən heç vaxt özünə qarşı ziyan görməyib, özünün təbii qan qardaşı bilib”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Partiya sədri bildirib ki, Azərbaycan hökuməti xarici qüvvələrin ölkədə hansısa təhlükə yaratmasına imkan verməyib: “Dövlət nəzarət funksiyasını kifayət qədər yaxşı şəkildə yerinə yetirə bilir. Ölkədə indiki vəziyyətdə də belə qüvvələr var, lakin birmənalı şəkildə bildirməliyəm ki, Azərbaycan hakimiyyəti xarici qüvvələrlə bağlı prosesə, məsələlərə tam nəzarət edə bilir. Belə qüvvələrin çox, hədsiz rəngarəng olmasına baxmayaraq, onlar hakimiyyətin tam nəzarətindədir. Bunu hamı bilməlidir. Ona görə də ölkədə xarici qüvvələr tərəfindən törədilə biləcək xüsusi təhlükə olduğunu zənn etmirəm. Qazaxıstanda baş verən hadisələri nümunə gətirərək bundan qorxmaq lazım deyil, Azərbaycanda belə təhlükəli vəziyyət yoxdur”.

Xəbərlər