"Azərbaycan Fransanın çirkin planlarının qarşısını alacaq"
“Prezident İlham Əliyev və Azərbaycan diplomatiyası yenə də Fransanın çirkin planlarının qarşısını alacaq və Brüssel təxribatının baş tutmasına imkan verilməyəcək”.
Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa Şurasının Nazirlər Komitəsinin oktyabrın 18-də Strasburqda keçirilən iclasında Avropa İttifaqının nümayəndə heyəti Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı bəyanatla çıxış edib: “Bu bəyanatın tonundan və məzmunundakı bəzi qıcıqlandırıcı məqamlardan aydın olur ki, bu kağız parçası yenə də Fransanın təkidi ilə qəbul edilib. Çünki burada Azərbaycanın antiterror tədbirləri, bu tədbirlərin həyata keçirilməsini zəruri edən amillər, Qarabağ erməniləri ilə bağlı ölkəmizin bu günə kimi atdığı müsbət addımlar və reinteqrasiya səyləri haqqında heç nə yoxdur. Əksinə, bəyanatda yenə də “Dağlıq Qarabağ” və “blokada” kimi əsassız və artıq ikrah hissi doğuran ifadələrə yer verilib”.
Deputat qeyd edib ki, Fransanın məqsədi hər vəchlə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaq, mümkün danışıqlar platformalarını təhlükəyə atmaq və bölgədə yenidən gərginlik yaratmaqdan ibarətdir: “Afrikadan qovulan Fransa düşünür ki, əgər Cənubi Qafqazda yenidən qan tökməyə nail olsa, Ermənistanın yeni xilaskarı kimi bölgəyə daxil ola və möhkəmlənə bilər. Fransanın bu cür pozucu fəaliyyəti nəticəsində oktyabrın 5-də Qranadada nəzərdə tutulan sülh danışıqları pozulub. Fransa yenə də çalışır ki, bu cür təhrikedici bəyanatlarla Azərbaycanı təxribata çəksin və Brüssel sülh danışıqlarını pozsun. Ancaq Azərbaycan buna imkan verməyəcək”