“Azərbaycan Əfqanıstanla münasibətlərin yaxşılaşmasına daha çox çalışmalıdır”
“Əfqanıstanla Azərbaycanın münasibətləri həmişə yaxşı olub. Bunu hətta beynəlxalq tədbirlərdə də görmüşəm. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlığımız var. Bilirsiniz ki, Əfqanıstanda hakimiyyət dəyişdi, taliblər yenidən hakimiyyətə qayıtdı, müəyyən qədər planlar pozuldu. Hətta bir sıra tədbirlərin Əfqanıstanda keçirilməsi də nəzərdə tutulurdu. Azərbaycanla Əfqanıstanın münasibətləri davam edir, lakin daha da irəli getməlidir. Çünki Əfqanıstan strateji ölkədir. Orada, demək olar, bütün böyük dövlətlərin də marağı kəsişir...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, Azərbaycan Əfqanıstanla münasibətlərin yaxşılaşmasına daha çox çalışmalıdır: “Əfqanıstan sabit ölkə deyil. Bəzən diplomatlarımızın qorunması çətin olur, onların təhlükəsizliyinin təmin edilməsi problemlər yaradır. Buna baxmayaraq, hesab edirəm, var qüvvəmizlə Əfqanıstanla hər cür münasibətlərin inkişafına çalışmalıyıq. Əfqanıstan böyük uran yataqları, zəngin təbii sərvətləri olan, lakin bundan istifadə edə bilməyən ölkədir. Hesab edirəm, Azərbaycan Əfqanıstanla bu istiqamətdə də Türkiyə, Pakistanla birgə yaxşı əməkdaşlıq həyata keçirə bilər”.