"Azərbaycan Ermənistanın ekoloji terroru davam etdirməsinə səssiz qalmayacaq"
Terror ermənilərin qanındadır.
Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat deyib ki, ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı terroru uzun müddət davam edib: “Yaxın tariximizdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz doğma tarixi yurdlarından didərgin salınıb, evləri dağıdılaraq talanıb. O cümlədən Azərbaycan torpaqlarının 20%-ni 30 il işğal altında saxlayan Ermənistan bu ərazilərdəki insanlara, tarixi və mədəni irsimizə, o cümlədən ekologiyaya qarşı terror törədib. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə erməni terrorunun nəticələrini aradan qaldırmaq istiqamətində fəal işlər həyata keçirsə də, Ermənistanın ekoloji terrorunun fəsadlarını aradan qaldırmaq üçün 100 illər lazım olacaq. Məhv edilmiş flora və faunanın bərpası uzun müddət tələb edən prosesdir. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə faunanın və floranın bərpası istiqamətində işlər görsə də, Ermənistan öz ərazilərində formalaşan və Azərbaycana axan çayların çirkləndirilməsinə davam etməkdədir”.
Azər Badamov qeyd edib ki, Ermənistanı hətta ermənilərin gələcəyi də düşündürmür. Əgər belə olmasaydı, on illər əvvəl istismar müddətini başa vurmuş və region üçün potensial təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyasını (AES) bağlayardı: “Metsamor AES fiziki cəhətdən tam köhnəldiyindən tez-tez qəzalar baş verir və ətrafa radioaktiv şüalanma və zərərli maddələr yayılır. Təsəvvür edin ki, Metsamor AES-də partlayış baş verərsə, Ermənistan yer üzündən silinəcək. Həm də bütün regionun ekoloji tarazlığı pozulacaq. Bu baxımdan Ermənistan bütün region üçün təhlükə mənbəyi olan ölkədir. Təbii ki, Ermənistanın bu əməlləri beynəlxalq konvensiyalara və hüquq normalara əməl etməməsindən irəli gəlir. İndi isə beynəlxalq hüquqa həmişə hörmətsiz yanaşan Ermənistan Naxçıvanla sərhəddə tarixi Azərbaycan torpaqlarında istehsal gücü 180 min ton olan ağır metallurgiya zavodu tikir. Bu zavodun məhz Azərbaycanın sərhədində tikilməsində məqsəd Ermənistanın növbəti ekoloji terror törətməklə ölkəmizə mümkün qədər ekoloji ziyan yetirməsidir. Belə olmasaydı, bu zavodu Ermənistanın dərinliyində, Azərbaycan ərazilərindən uzaqlarda tikərdilər. Məhz Arazdəyəndə ağır metallurgiya zavodu tikməklə Ermənistan zavodun zərərli tullantılarını Azərbaycana axıtmaq və havaya buraxılan zəhərli qazları ilə ölkəmizin atmosferinə maksimum ziyan yetirmək istəyir. Ərazidə iri metallurgiya zavodu tikməklə Ermənistan növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasını kobud şəkildə pozur. Konvensiyaya görə, bu cür layihələrin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Başqa sözlə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi”.
Onun sözlərinə görə, çox təəssüf ki, beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti Ermənistanın bu özbaşınalıqlarına səssiz qalır: “Ermənistana gələndə beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti ekologiyanın qorunmasına dair konvensiyaları və razılaşmaları yaddan çıxır. 2050-ci ilə qədər ekologiyanı qorumaq üçün daxili yanma mühərrikli avtomobillərin istismarını qadağan etmək istəyən Avropa Ermənistanın tikdiyi zavodun törədəcəyi fəsadları niyə görmür? Halbuki bu zavodun atmosferə atacağı zərərli qazların həcmi avtomobillərin buraxdığı qazlardan çoxdur. Bu, o deməkdir ki, dünyada ikili standartlar davam etməkdədir və Ermənistanla münasibətdə doğmalıq edən Avropa göz yummaqda davam edir. Azərbaycan isə Ermənistanın ekoloji terroru davam etdirməsinə səssiz qalmayacaq. Azərbaycan Ermənistanın sərhədimizdə ağır metallurgiya zavodu tikərək ekoloji terroru davam etdirməsini beynəlxalq təşkilatların gündəliyinə daxil etməyə çalışmalı, beynəlxalq təşkilatları hərəkətə keçməyə səfərbər edəcək çağırışlar etməlidir”.
Mənbə: APA