İqtisadiyyat 8 Dekabr 2022, 17:14 | Baxış sayı: 228
“Azərbaycan dövlətinin iqtisadi gücü artdıqca qazilərə verilən təqaüdlərin həcmi də artırılır”

Milli Məclisin deputatı Cavid Osmanov hökumətin qazilərlə maraqlanmamasına görə qazilərin dilənçilik etdiyi ilə bağlı iddialara münasibət bildirib.

 

C.Osmanov Pravda.az-a açıqlamasında deyib ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinin üzvləri, o cümlədən qazilərə dövlət qayğısının göstərilməsi ən prioritet vəzifə kimi müəyyənləşdirilib.

 

Deputat bildirib ki, Azərbaycan Prezidenti bütün dövlət qurumları qarşısında tapşırıq qoyub:

 

“Cənab Prezident tapşırıb ki, həssas qrupa aid olan insanları narahat edən məsələlərə çox həssaslıqla yanaşılsın və problemlərinin həlli istiqamətində mühüm işlər görülsün. Vətən müharibəsi bitəndən sonra cənab İlham Əliyev bir sıra qərarlar qəbul etdi, şəhid ailələrinin, qazilərimizin məişət şəraitinin yaxşılaşdırılması üçün onlara mənzillərin verilməsi, fərdi evlərin tikilməsi 

baxımından Sərəncam imzalandı. 2021-2025-ci illəri əhatə edəcək Dövlət Proqramı çərçivəsində bütün şəhid ailələrinin üzvləri, qazilər mənzil və fərdi evlərlə təmin ediləcəklər. Statistikaya nəzər saldıqda görürük ki, bu illər ərzində on mindən çox mənzil, fərdi ev həssas qrupa aid olan şəxslərə təqdim edilib. Həmin Dövlət Proqramı çərçivəsində 4 minə yaxın mənzil, fərdi ev artıq təhvil verilib. Eyni zamanda həssas qrupun məşğulluq probleminin həlli istiqamətində dövlət tərəfindən mühüm addımlar atılır, şəhid ailələrinin üzvlərinin, qazilərin məşğulluq təminatı həyata keçirilir”.

 

C.Osmanov vurğulayıb ki, cənab Prezidentin Sərəncamı ilə həssas qrupa aid olan insanlara birdəfəlik sığorta haqqı da ödənilib:

 

“Məhz onların sağlamlıqlarının qorunması, o cümlədən reabilitasiya xidmətlərinin göstərilməsi üçün çox böyük, uğurlu iş aparılıb. Azərbaycan dövlətinin iqtisadi gücü artdıqca onlara verilən təqaüdlərin həcmi də artırılır. Müharibə əlillərinin ən bahalı, ən müasir protezlərlə təminatı həyata keçirilir. Onların sağlamlıqlarının qorunması üçün istər ölkə daxilində, istər ölkə xaricində, istər ölkəyə xaricdən dəvət olunmuş həkim briqadaları tərəfindən mütəmadi olaraq səmərəli iş aparılır. Dost xidməti vasitəsilə onlara ən yüksək səviyyədə xidmət göstərilir. Azərbaycan dövlətinin həyata keçirdiyi bu məqsədyönlü işlər məhz dünya üçün bir modeldir”.

Xəbərlər