Siyasət 14 Fevral 2023, 16:01 | Baxış sayı: 136
“Azərbaycan dövləti çətin günlərində Türkiyənin yanında olduğunu əməli fəaliyyəti ilə sübut edir”

“Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını çox dərindən sarsıtdı. Azərbaycan Türkiyəyə yardım əlini uzadan ilk ölkə oldu. Təbii fəlakət baş verdikdən dərhal sonra Prezident cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirməsi, həmçinin  telefon zəngi  edərək ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxmasını qeyd etməsi onu göstərir ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

C.Osmanov xatırladıb ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri operativ qaydada təbii fəlakət bölgəsinə ezam edilərək axtarış-xilasetmə işlərinə başlayıblar: “Hazırda Azərbaycandan olan xilasedicilər təbii fəlakət zonasında öz fəaliyyətlərini davam etdirirlər. Fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən davamlı olaraq qardaş Türkiyəyə yardımlar edilir və bu dəstək sona qədər göstəriləcəkdir. Ölkəmizdən hər gün Türkiyəyə humanitar yardım dolu təyyarə, eləcə də yük avtomobilləri göndərilir. Dövlətimizlə yanaşı, xalqımız da qardaş Türkiyəyə humanitar yardım göndərmək üçün əlindən gələni əsirgəmir. İnsanlarımız öz evlərinin lazimi əşyalarını, həmçinin pul yardımlarını qardaş ölkəyə göndərirlər. Bütün bunlar isə bir daha sübut edir ki, xalqlarımız qardaş xalqlardır və bu tellər sarsılmazdır.  Qardaş Türkiyəyə humanitar yardımın göstərilməsində Heydər Əliyev Fondunun da böyük xidmətləri vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirmişdir. Məhz Mehriban xanım Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu qardaş ölkəyə davamlı humanitar yardım aksiyasına başlamışdır. Sadə insanlar tərəfindən edilən yardımların da bir mərkəzdə yığılması üçün Heydər Əliyev Fondu tərəfindən tədbirlər həyata keçirlmiş və müvafiq yerlər ayırılıb.

Heydər Əliyev Fondu tərəfindən başladılan xeyriyyə aksiyasına ölkəmizin özəl şirkətləri də qoşulmuş, həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar.  Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar. Bütün bunlarla yanaşı, ölkəmizin xəstəxanalarında Türkiyədən olan yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait yaradılıb, həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb. Həmçinin Prezident cənab İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub”.

 

Deputat qeyd edib ki, Azərbaycan xalqı və dövləti çətin günlərində qardaş Türkiyənin yanında olduğunu öz əməli fəaliyyəti ilə sübut edir: “Türkiyə xalqı böyük xalq, dövləti isə sarsılmaz, güclü dövlətdir. Odur ki, qardaş ölkə bu ağır günləri geridə qoyacaq, acı sınaqdan şərəflə çıxacaqdır”.

Xəbərlər