Siyasət 2 İyun 2023, 17:53 | Baxış sayı: 90
"Azərbaycan Brüssel prosesinin davamlılığını təmin edə bildi"

Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş dialoq mühitinin davamlılığı və Azərbaycanın yeni reallıqları kommunikasiyası baxımdan müsbət qiymətləndirilməlidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, ilk olaraq ona görə ki, Azərbaycan bizim üçün məqbul platforma olan Brüssel prosesinin davamlılığını təmin edə bildi: “Əlbəttə, bu, ciddi uğurdur və aydındır ki, məsələnin kökündə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə və cənab İlham Əliyevin yaratdığı müstəsna reallıq dayanır. Məlumdur ki, Brüssel prosesi Fransanın dağıdıcı fəaliyyəti ilə faktiki olaraq pozulmaq üzrə idi və yalnız 7 ay sonra, bu il mayın 14-də yenidən bərpa olunmuşdu. Lakin prosesin davamlılığı üçün növbəti təmas vacib idi və dialoqun məhz "Avropa siyasi birliyi"nin Zirvə görüşü çərçivəsində davam etməsi prinsipial əhəmiyyət daşıyırdı. Çünki Fransa Brüssel formatını məhz "Avropa siyasi birliyi"nin birinci Zirvə görüşündə hədəfə almışdı. İkinci vacib məqam Azərbaycanın bu prosesə 7 ay öncəki təmaslardan daha güclü və daha geniş imkanlara malik formada qatılması oldu”.

Deputat qeyd edib ki, ötən dövr ərzində qan tökmədən və peşəkarcasına həyata keçirilən 10-dan artıq əməliyyat tədbirləri ilə Azərbaycan Ordusu ciddi strateji mövqelərdə möhkəmlənib, həmçinin bütün beynəlxalq hüquqazidd təsirlərə baxmayaraq Azərbaycan suveren hüquqlarını reallaşdıraraq Laçında sərhəd-buraxılış məntəqəsi qurmaqla regionun əsas iradə sahibi kimi özünü bir daha təsdiqləyib: “Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqlar prosesi ilə Qarabağ erməniləri məsələlərinin tamamilə ayrı mövzular olduğunu, Qarabağda reinteqrasiya probleminin Azərbaycanın daxili işi olduğunu qəbul etdirə bilib. Şarl Mişelin də dünən mediaya açıqladığı mövqeyinə diqqət etsək, açıqlamasında bu istiqamətdə sual doğuracaq məqam yoxdur”.

Bəhruz Məhərrəmov nəzərə çatdırıb ki, Kişineu görüşünün digər vacib məqamı birinci Zirvə görüşündə pozuculuq edə bilmiş Fransanın bu dəfəki təmaslarda faktiki zərərsizləşdirilməsi oldu: “Yəni Emmanuel Makron və Olaf Şoltsun beştərəfli müzakirələrdə iştirakı bütövlükdə qeyri-formal xarakter daşıdı. Üstəlik, Prezident İlham Əliyev bu formatı fürsətə çevirdi və Azərbaycanın ötən dövr ərzində dəyişdiyi reallıq birbaşa Fransa və Almaniyaya liderlərinə kommunikasiya olundu. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə təmasların növbəti mərhələsi kimi Kişineu görüşünün digər mühüm nüansı ondan ibarət oldu ki, Prezident İlham Əliyevin 2023-cü ilin sülh üçün son şans ili olması tezisini artıq bütün tərəflərin qəbul etdiyi müşahidə olundu. Bu qənaət tərəflərin Kişineuda bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi qərarında ifadə olundu. Kişineu görüşünün bütövlükdə əhəmiyyətinə gəlincə, biz istənilən müzakirə platformasını qiymətləndirmək üçün öncə müstəvinin xarakteri və məqsədlərinə diqqət yetirməliyik. Brüssel prosesinə gəlincə, biz unutmamalıyıq ki, Şarl Mişelin vasitəsilə aparılan müzakirələr daha çox intensiv və effektiv koordinasiya xarakteri daşıyır. Bu da Prezident İlham Əliyevin ən qısa müddətdə sülhə nail olunması mövqeyi ilə üst-üstə düşür. Beştərəfli görüşdə məhz dialoqun intensivləşdirilməsi mövqeyi ifadə olundu və qərara alındı ki, 21 iyul Brüsseldə üçtərəfli görüş keçirilsin. Eyni zamanda bu dövr ərzində Xarici İşlər nazirləri Vaşinqtonda sülh müqaviləsi ilə bağlı detalları müzakirə etmək üçün növbəti dəfə görüşəcəklər”.

Proseslərin nəticəyönümlüyünə gəldikdə, Bəhruz Məhərrəmov bildirib ki, rəsmi Bakı Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılan müzakirələri pozitiv qiymətləndirir: “Prezident İlham Əliyev də Avropa İttifaqı Şurası Prezidentinə səylərinə görə bir neçə dəfə təşəkkürünü ifadə edib. Lakin ötən 31 il ərzində Ermənistanın qeyri-adekvat davranışları fonunda Azərbaycan daim sadiq qaldığı dialoqa son çarə kimi baxmır. Çünki biz müharibə başa çatan kimi sülh təklif etmişik, bunun üçün ciddi səylər, səbir və təmkin nümayiş etdiririk. Əgər sülh müqaviləsi imzalanacaqsa, bölgə üçün yeni dövr başlanacaq. Yox, əgər sülh prosesi süni şəkildə uzadılacaqsa və sülh prosesi pozulacaqsa, bundan ən çox Ermənistan zərər çəkəcək. Azərbaycanın bütün ssenarilər üçün alternativ planları və bu planları həyata keçirmək üçün lazımi güc və imkanları var. Ermənistanın isə spekulyasiya və manevr imkanları geniş deyil. Prezidentin Laçında açıq mətnlə ifadə etdiyi kimi, “Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim"

Xəbərlər