Siyasət 13 Yanvar 2023, 16:49 | Baxış sayı: 218
“Azərbaycan bir çox ölkələr üçün etibarlı tərəfdaşdır”

Bir neçə gün əvvəl yanvarın 10-da Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə mühüm məqamlarla yadda qaldı. Cənab Prezident  müsahibəsində bir daha bəyan etdi ki, bu gün İkinci Qarabağ müharibəsindən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır və müstəqil siyasət aparır.

Cənab Prezident qeyd etdi ki, müharibə bitsə də, mübarizə hələ davam edir. Müharibədən sonra Azərbaycanın siyasətinə olan müsbət münasibət daha da artıb. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.

Bu gün dövlətimiz çalışır ki, dünya üçün mövcud böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirsin. Müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməyib.

Minimum əməkhaqqının artırılması, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması, ünvanlı sosial yardımın verilməsi, orta aylıq əməkhaqqının yüksəldilməsi, şəhid ailələri və müharibə əlilləri kateqoriyasına aid ailələrə dövlət tərəfindən mənzillərin verilməsi və onların dövlətin qayğısı ilə əhatə olunması,  özünüməşğulluq proqramı bu sahədə atılmış önəmli addımlardır.

Bu gün Rusiya-Ukrayna müharibəsi səbəbindən nəqliyyat sahəsində layihələrin əhəmiyyəti daha da artıb. Azərbaycanda bu sahəyə uzun illərdir ki, böyük vəsaitlər qoyulur. Ölkəmizin ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb.

Orta Dəhliz istiqamətində də ardıcıl siyasət aparılır. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Hazırda isə biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdırmağı planlaşdırırıq.

Bu gün Azərbaycanın enerji resurslarına da maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq. Hazırda isə biz Avropa İttifaqı ilə tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü hasilata investisiya qoyulması zəruridir. Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılıb və digər ölkələrlə də qaz tədarükünə dair danışıqlar aparılır.

“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparılırdı. Gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq. Bununla yanaşı, TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi də Azərbaycan qazına bağlıdır.

Bundan başqa, hazırda dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verilib. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub.

Bu gün Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, həm də bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında öz əksini tapıb və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.

Cənab Prezident onu da diqqətə çatdırdı ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb.

Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır.

Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması Ermənistanın da marağındadır. Çünki Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar ki, həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə – Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil.

Rəsmi İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. İnanırıq ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq.

Mənbə: ulusal.az

Xəbərlər