“Azərbaycan bir addım da geri çəkilməyəcək”
“Avropa İttifaqı dövlətləri arasında Azərbaycana qarşı ən çox “canfəşanlıq” edənlər Fransa və Almaniyadır. Fransadan fərqli olaraq, Azərbaycan torpaqları işğal altında olanda yetərincə prinsipial mövqe ortaya qoymasa da, Almaniya beynəlxalq hüquq və normalardan çıxış etməyə çalışırdı. İndi isə bu mövqeyi anlamaq olmur. Almaniyanın başında adekvat olmayan bir liderin durduğu və özündən xeyli zəif Fransanın diktəsi ilə hərəkət etdiyinə inanmaq olmur” .
Bu fikirləri millət vəkili Sahib Alıyev deyib.
S.Alıyev bildirib ki, bir sıra Qərb dövlətləri min il bundan öncəki səlibçi zehniyyəti ilə hərəkət edir:
“Konspirologiyaya vararaq məsələdə Vatikanın əli olduğunu iddia etmirəm. Səlibçi zehniyyəti təkcə təəssüf yox, qəzəb və nifrət doğurur. Digər diqqətçəkən məqam ondan ibarətdir ki, İspaniyanın öz ərazisində iki separatçı bölgə var. Bu iki bölgə Qarabağdakı “haydilli”, “hayəsilli”lərdən qat-qat artıq müstəqilliyə layiqdir. Nə kataloniyalılar, nə də basklar öz müqəddəratlarını həll ediblər. Üstəlik, Kataloniya İspaniya iqtisadiyyatının lokomotivi rolunu oynayır, uzunmüddətli dövlətçilik tarixi var. Bu reallıqlar göz önündə ola-ola Azərbaycanın öz torpaqlarında “miatsumçuları” qarşısına almasına, torpaqları üzərində suverenliyini təmin etməsinə qeyri-adekvat reaksiya vermələri anlaşılan deyil. Ermənistanın adı çəkilən kimi xristian ölkəsi olduğu vurğulanır.
Məgər bu, sivilizasiyalararası savaşdır? Məgər bu, dinlərarası savaşdır?
İraqa hücum zamanı 1 milyondan artıq dinc insanı qətlə yetirən, Liviyada qətliam törədən, Suriyanın altını üstünə çevirənlər Azərbaycanın 24 saat ərzində mülki əhaliyə xəsarət yetirmədən həyata keçirdiyi əməliyyatı görüb bəlkə xəcalət çəkdiklərindən bunu edirlər?
Dost Macarıstanın atdığı addım - Avropa İttifaqı adından Azərbaycana qarşı yayılması planlaşdırılan qətnaməyə veto qoyması da ondan xəbər verir ki, o qurumun bir sıra üzvlərində də - Fransanın, Almaniyanın və digərlərinin hərəkəti ən azından narazılıq doğurur. Nə olursa-olsun, Azərbaycan xalqı dövlətin, ordunun, müzəffər Ali Baş Komandanın yanındadır. Bu, bizim haqq işimizdir. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan suverenliyini təmin etdiyi ərazilərindən bir addım da geri çəkilməyəcək. Qarabağın erməni əsilli vətəndaşları ilə görüşlər keçirilib, ehtiyacları dinlənilib, onları nə gözləyir, bildirilib. Azərbaycanın digər vətəndaşlarına hansı haqq və təhlükəsizlik təminatı verilirsə, onlar da təmin ediləcəklər. İstəsələr, bizim vətəndaşlarımız kimi yaşaya bilərlər. İstəməsələr, Ermənistanda onlara yanaşma bəllidir - təhqir edilirlər. Fransa, Almaniya və İspaniyada isə yəqin onların yolunu gözləyənlər var, gedə bilərlər”.
musavat.com