Siyasət 17 Aprel 2023, 14:40 | Baxış sayı: 207
"Azərbaycan bayrağının yandırılması Ermənistan dövləti tərəfindən planlaşdırılıb"

“Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması özfəaliyyət hesab edilə bilməz. Qitə səviyyəli bir tədbirdə, çoxsaylı mühafizə qüvvələri və polisin əhatəsində bu hadisənin çox rahat formada törədilməsi onu göstərir ki, bu təxribat Ermənistan dövləti tərəfindən planlaşdırılıb və aidiyyəti strukturların nəzarətində də başa çatdırılıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, sülh və əməkdaşlıq mühitinin, xalqlar arasında etimadın qurulmasından danışılan bir zamanda Ermənistan hakimiyyətinin bu addımı və həmin təxribatın da zalda gurultulu alqışlarla dəstəklənməsi bir daha göstərdi ki, bu ölkədə və bu toplumda Azərbaycana qarşı dövlət səviyyəsində nifrət siyasəti yürüdülür, erməni toplumu isə nifrət ideologiyasının təsiri altındadır: “Baş verənlər göstərdi ki, bu gün Ermənistan yalnız məğlubiyyətin təsiri altında, gücsüzlüyü fonunda sülh barədə danışır, əslində isə Ermənistanda Azərbaycan xalqına qarşı nifrət pik həddədir. Bildiyiniz kimi, biz Ermənistandakı cari nifrət və təcavüz ritorikası ilə bağlı narahatlığımızı beynəlxalq təsisatlar qarşısında həmişə bəyan etmişik, lakin dünənki tədbirdə davranışı ilə Ermənistan özü bütün dünyaya göstərdi ki, bu ölkədə rasizm, milli, dini ayrı-seçkilik hökm sürür”.

Bəhruz Məhərrəmov qeyd edib ki, hazırda İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Azərbaycan Ermənistana qarşı məhkəmə işi üzrə araşdırma davam edir: “İrəvan dünənki davranışı ilə bir daha göstərdi ki, Azərbaycan məhkəmə qarşısında qaldırdığı iddialar üzrə nə qədər haqlıdır. İnanmaq istəyirik ki, məhkəmə bu kimi beynəlxalq tədbirlərdə nifrət aktlarının qarşısını almaq üçün təcili tədbirlər görülməsinin zərurətini qəbul edəcək, eyni zamanda mahiyyəti üzrə işə baxarkən məhkəmə bu faktlara diqqət yetirəcək. Çünki İrqi Ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiyanın ilk məqsədi məhz nifrət və bölünmə yaradan faktorlar olan irqi ayrı-seçkilik və seqreqasiyadan azad bir dünyanın qurulmasıdır ki, İrəvan beynəlxalq idman yarışını siyasi təxribatlar və düşmənçilik meydançasına çevirməklə bu ideallara açıq hörmətsizlik ifadə etdi. Bu həm də BMT-nin ümumi məqsədləri üçün təhdiddir və təşkilat məsələyə dair mövqeyini ifadə etməyə borcludur. Eyni zamanda hesab edirik ki, Avropa və dünyanın idman təşkilatları bu məsələyə münasibət bildirməli, Ermənistanın bu tip beynəlxalq tədbirləri qəbul etməyə və keçirməyə layiq olmadığını bəyan edərək səlahiyyətləri daxilində sərt addımlar atmalı, ən azı İrəvanı bu kimi tədbirlərdən məhrum etməlidir. Əks halda istər beynəlxalq təsisatlar, istərsə də qlobal idman təşkilatları Ermənistanın rasizm və nifrət siyasətinin ortağı kimi tarixə düşəcəklər”

Xəbərlər