"Azərbaycan ailəsi təmiz və möhkəm olmalıdır..."
""Məişət zorakılığı haqqında" Qanunun müəyyən qədər sərtləşdirilməsinə ehtiyac olduğunu hesab edirəm. Çünki son zamanlar daha da intensivləşən belə halların qarşısı alınmazsa, daha böyük fəsadlar törədə bilər. Məişət zorakılığı ailələrin bədbəxtliyinə, onların dağılmasına gətirib çıxarır. Məişət zorakılığına zəmin yaradan amillərdən biri də ailədə uşaqların düzgün tərbiyə almamasıdır".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Deputat qeyd edib ki, hər kəs valideynlik borclarını, vəzifələrini dərk etməlidir: “Əgər ailədə ata, ana müəyyən normalara əməl etmirsə, orada yetişən uşaqlar da ailə dəyərlərini heçə sayacaq, əxlaqi dəyərlərə yiyələnməyəcək. Ona görə də maarifləndirmə tədbirləri həddən artıq gücləndirilməlidir. Bayağı şəkildə yox, nümunəvi ailələrin timsalında müəyyən təbliğat işi aparılmalı, əyani faktlar göstərilməlidir. Bəzi hallarda insanları müəyyən qaydada aldadırlar. Misal üçün, son günlər 16 yaşlı qızın aldadılması məsələsi gündəmdədir. Bu və bu kimi bütün hallar cinayətdir, məişət zorakılığıdır. Bu, bir ailənin dağıdılmasıdır. Məişətdə baş verən xoşagəlməz hadisələr çox ciddi təsirini göstərir, məhz bu səbəbdən qanunlar sərtləşdirilməlidir. Hesab edirəm ki, cəzalar daha ağır olmalıdır. Nəzərə almaq lazımdır ki, boşanmaların sayı həddən çox artıb. Axı Azərbaycan ailəsi təmiz və möhkəm olmalıdır... Əgər ailənin təməli ali və müqəddəs deyilsə, həmin ailədə məişət zorakılığı halları adiləşibsə, orada böyüyən uşaqlar da cəmiyyət üçün faydalı olmayacaqlar. Ona görə də məişət zorakılığına qarşı nəinki dövlət, ictimai təşkilatlar, həmçinin bütün vətəndaşlar mübarizə aparmalıdır”.
Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev isə deyib ki:
“Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da məişət zorakılığı hallarına rast gəlinir. Hələ Azərbaycanın mentalitetinə uyğun olaraq, ölkədə məişət zorakılığı ilə bağlı vəziyyət müqayisədə daha normaldır. Heç olmasa böyük-kiçik, arvad-uşaq bilirlər. Amma əlbəttə ki, meşə çaqqalsız olmaz”.
Deputat qeyd edib ki, “Məişət zorakılığı haqqında” Qanunda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var: “Qanunun sərtləşdirilməsi ilə bağlı təkliflərin olduğu doğrudur, amma hələ ki konkret hansı dəyişikliklərin olması haqqında heç nə məlum deyil. Qanun layihəsi birinci, ikinci oxunuşda müzakirəyə çıxarıldıqda müxtəlif təkliflər səsləndirmək mümkündür. Müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. Ümumiyyətlə, insan hər vəziyyətdə diqqətli davramağı bilməlidir. Misal üçün, 100 qram araq içən kimi gedib min cürə hadisələr törədirlər. Cəmiyyətdə bu kimi halların geniş yayılması təhlükəlidir. Xarici sənədli və bədii filmlərdə o qədər belə zorakılıq halları təbliğ edilir ki, insandır da, baxır, sonra əsəbləşəndə eyni şeyi təkrar edir. Həmçinin ailələrdə müəyyən çətinliklərin olması da aqressivləşməyə səbəb olur. Hesab edirəm ki, müəyyən dəyişikliklər hesabına daha uğurlu nəticələr əldə edə bilərik”.