Ümumi 7 Avqust 2023, 17:20 | Baxış sayı: 73
"Azad edilən ərazilərlə yanaşı, digər regionlar da Prezidentin diqqət mərkəzindədir"

“Prezident İlham Əliyevin Samux, Şəmkir, Qazax və Bərdə rayonlarına səfər etməsi regionların inkişafına göstərdiyi diqqətin nəticəsidir. Bu, həm də onu sübut edir ki, azad olunmuş ərazilərlə yanaşı, digər regionlar da Prezidentin diqqət mərkəzindədir”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, dövlət başçısının bölgələrə səfər etməsi və bir sıra infrastruktur layihələrin açılışlarında şəxsən iştirakı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla davam etdirilməsinin göstəricisidir:

“Bu gün işğaldan azad olunmuş ərazilərdə meqalayihələr icra olunur və Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla davam etdirilir. 30 il məcburi köçkün həyatını yaşamış insanlar öz doğma yurdlarına qayıdır. Dövlətimiz 30 ildə əziyyətli həyatı yaşamış insanların gələcəkdə firavan yaşayışının davam etdirilməsinin təmini üçün hər şey edir. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasını kənardan heç bir maliyyə dəstəyi olmadan ancaq öz iqtisadi imkanları vasitəsilə icra edir”.

Deputat bildirib ki, torpaqlarımız azad ediləndən indiyədək Qarabağın yenidən qurulmasına dövlət büdcəsindən milyardlarla vəsait ayrılıb:

“Amma bu, digər regionların sosial-iqtisadi inkişafını dayandırmayıb. Bu gün ölkə başçımızın açılışı etdiyi xəstəxana, məktəblər, yol infrastrukturu, su və kanalizasiya sistemləri layihəsi, “DOST mərkəzi” və digər layihələr həmin rayonlarda yaşayan insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Bu, bir daha Prezident İlham Əliyevin siyasi kursunun təməlində vətəndaşların rifahının yaxşılaşdırılmasının dayandığını göstərir. Dünyada bu gün sosial-iqtisadi layihələr həyata keçirən dövlətlər çox azdır. Dünya iqtisadi burulğandadır. Azərbaycan iqtisadiyyatı inkişaf edir, sosial layihələr icra olunur. Hər şey vətəndaşların rifahı naminə edilir və ölkənin iqtisadi gücü də artmaqda davam edir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uzaqgörən siyasətinin göstəricisidir”.

report.az

Xəbərlər