Cəmiyyət 30 May 2023, 12:35 | Baxış sayı: 142
“Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm”

“Sosial şəbəkələrdə bir kateqoriya insanlar var ki, onlar hər şeyə qulp qoymaqla məşğuldurlar. Qulp qoymaqdansa, desinlər ki, Ərdoğanın qalib gəlməyini istəyirdilərsə, bu yolda hansı addım atıblar? Heç olmasa sosial şəbəkələrdə onun təbliği ilə bağlı bir iş görüblər? Bir zəhmət çəkiblərmi? Heç bir şey etməyiblər, ancaq orada oturub ona-buna söz atsınlar, izdiham etsinlər. Özlərinin isə əllərindən heç bir iş gəlməyib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Deputat bildirib ki, seçki öncəsi iki dəfə Türkiyədə Kahramanmaraş, İzmir şəhərində olub və seçki prosesinin gedişi ilə də tanış olub:

“Eyni zamanda, cənab Ərdoğana çox böyük dəyər verirəm və xalqımız onu sevir, prezidentlərimiz dostdur. Mən şəxsən Cənab Ərdoğanı çox sevirəm, ona böyük hörmətim var. 

Hesab edirəm ki, müasir dünyamızın ən nəhəng liderlərindən biridir. Bugünkü dünyamızda qlobal lider kəsiri var. Cənab Ərdoğan və İlham Əliyev dünyanın qlobal liderləridir. Bunu çoxları qəlbində qəbul edib, qəbul etməyənləri isə  öz vicdanlarına buraxıram. Hər ikisi qalibdir, hər ikisi müzəffər prezdentlərdir”.

Elman Nəsirov qeyd edib ki, o, Ərdoğanın qalib gəlməsi münasibətilə qurban kəsəcək:

“Bir müsəlman olaraq niyyət tutdum ki, cənab Ərdoğan qalib gəlsin, mən də gedib öz kəndimizdə, yurdumuzda seçicilərim arasında xüsusi ehtiyacı olan insanlara qurban payı verim. Onlar da biraz sevinsinlər və cənab Ərdoğana dua etsinlər. 

Bizim heç bir xəbis, pis niyyətimiz yoxdur. Xoş niyyətimiz var. Elimizin adəti var ki, qurbanlıq qoyun alırlar. Hətta, Məkkəyə gedən insanlar müqəddəs yerləri ziyarət edirlər və orada qurban kəsirlər. Bu jesti mən edirəm, çünki gecə-gündüz Ərdoğanın seçki kampaniyası ilə bağlı fəal iştirak edirdim, müsahibələr verirdim, məqalələr yazırdım. 

Söz vermişdim ki, Ərdoğan qalib gəlsə, qurban kəsəcəm və bunu da kəsirəm. Buradan sosial şəbəkələrdə mənə qarşı yazanlara da müraciət etmək istəyirəm: Ay “klaviatura qəhrəmanları”, qoyunları özüm yemək üçün kəsmirəm, ona görə edirəm ki, müəyyən qrup insanlar sevinsinlər, qurban ətindən yeyib məmnun qalıb, dua etsinlər. Bizim niyyətimiz xoş niyyətlidir, bəd niyyətli insanların arzuları elə ürəklərində qalsın!”.

Xəbərlər