Siyasət 15 İyun 2023, 18:08 | Baxış sayı: 128
"AXC-Müsavat iqtidarının səriştəsizliyi Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu"

“Azərbaycanın sözün əsl mənasında həqiqi müstəqilliyinin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndər Heydər Əliyev çoxsaylı güclü dövlətlərin inanılmaz təzyiqlərinə, o cümlədən beynəlxalq təşkilatların təzyiqlərinə tab gətirə bildi. Azərbaycana “torpaqları itirdiyi reallığı"nı qəbul etmək  barədə sonsuz bəyanatlar verildikdə, o bununla barışmadı, ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın soyqırımına məruz qaldığını sübut etmək və beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə apardı".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, deputat Hicran Hüseynova  deyib. 

Deputat bildirib ki, AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu:

"Qeyd etmək lazımdır ki, 1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. Dahi Heydər Əliyev ölkəni çökmüş vəziyyətdən xilas etdi, vətəndaş müharibəsini dayandırdı, ölkənin iqtisadi inkişafının tamamilə dağılmasının qarşısını ala bildi və əslində ölkəni demək olar ki, xarabalıqlardan çıxardı və müstəqilliyini müdafiə etdi. 

Burada Azərbaycan əhalisinin maraqlarının qorunması xüsusi yer tuturdu. "Əsrin Müqaviləsi" də daxil olmaqla bir sıra vacib müqavilələrin imzalanması ölkənin iqtisadi əhəmiyyətini artırmağa imkan verdi. Əslində, ölkənin hərbi müdafiəsini sıfırdan yaratmaq, ordunun peşəkarlıq səviyyəsini gücləndirmək üçün yüksək keyfiyyətli mütəxəssislər hazırlamaq lazım idi. Bütün bunlar praktiki olaraq sıfırdan başlanıldı, heç kimin dəstəyi olmadan həyata keçirilirdi. Sonradan, əlbəttə ki, bir çox ölkələr, ilk növbədə Türkiyə, bir sıra digər müttəfiqlərimiz bizə dəstək oldular, çox böyük kömək etdilər".

Hicran Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra, ölkə iqtisadiyyatını daha da gücləndirdi:

“Əməkdaşlıq haqqında imzalanan ikitərəfli, çoxtərəfli müqavilələr, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, müxtəlif iqtisadi komissiyaların yaradılması, bütün bunlar Azərbaycanın iqtisadi potensialını ortaya çıxardı. Azərbaycan tezliklə bir çox nəqliyyat dəhlizinin yaradılmasına təşəbbüs göstərən ölkəyə,  bir çox strateji  layihələrin  müəllifinə çevrildi.

Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. 

Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, açılışlar edir, bir zamanlar zorla öz doğma yurdlarından məcburi köçkün düşmüş insanlar isə böyük həvəs və arzularla öz evlərinə qayıdır.  “Böyük Qayıdış” reallaşır, Ermənistandan  deportasiya edilən yüz minlərlə insanların haqlarının bərpa olunması, onların öz dədə-baba yurdlarına qaytarılması istiqamətində  tədbirlər həyata keçirilir"

Xəbərlər