Siyasət 30 Mart 2023, 17:24 | Baxış sayı: 250
"AXC-Müsavat cütlüyü ermənilərə Laçın və Şuşanı işğal etməyə imkan yaratmışdılar"

"Hakimiyyəti ələ keçirmək üçün AXC-Müsavat xəyanətkar cütlüyünün həyata keçirdiyi çirkin niyyətlərdən biri də erməni işğalçılarına Laçın və Şuşanın işğal edilməsinə imkanın yaradılması olub".

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, AXC-Müsavat cütlüyü ölkənin ərazi bütövlüyünün təmin edilməsi müqəddəs vəzifə olmayıb:

"Ona görə də onlar çalışırdılar ki, torpaqlarımızın işğalı sürətlənsin, xalq ayağa qalxsın, Bakıda siyasi sabitlik pozulsun. Bununla da onlar öz məqsədlərinə çata bilsinlər. Belə də olmuşdu. Laçının işğalından bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyəti zəbt etdi və sonra da Kəlbəcər rayonunun da işğal edilməsinə şərait yaratmış oldular".

Deputat bildirib ki, AXC-Müsavat cütlüyünün xalqın milli maraqlarını qurban verərək ələ keçirdiyi hakimiyyətin ömrü də uzun olmayıb: "Hakimiyyətdə olan qüvvələr xalqın və dövlətin maraqlarını şəxsi maraqlara qurban verirsə, əlbəttə ki, xalq onları siyasi meydandan atır və ölkənin gələcəyi düşünən və etibar edə biləcək şəxsi hakimiyyətə dəvət edir. Həmin şəxs də məhz ulu öndər Heydər Əliyev olmuşdu. Məhz xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi parçalanmaq təhlükəsindən qorudu, dövlətçiliyimizi bərpa etdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan bütün sahələrdə inkişaf etməyə başladı. Bu gün həmin inkişaf və tərəqqi ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məhz həmin inkişafın nəticəsidir ki, ölkəmiz bu gün qüdrətli dövlətə çevrilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad edilib. Artıq Qarabağımızda böyük bərpa-quruculuq işləri həyata keçirilir. Həm də bu işlər ölkəmizin öz vəsaiti hesabına baş tutur. Bütün bunlar isə Azərbaycanın necə qüdrətli dövlət olmasından xəbər verir".

Xəbərlər