“AXC böyük tarixi səhvlərə yol verib”
“Çar Rusiyası tərəfindən ermənilərin qədim Azərbaycan torpaqları olan Naxçıvana, İrəvana, Qarabağa, Zəngəzura köçürülməsindən 200 ildən çox vaxt keçir. Bu illər ərzində ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparıblar. Bugünkü Ermənistan dövlətinin ərazisi qədim Azərbaycan torpaqları olub. Ermənilər bu ərazilərə köçürüldükdən sonra toponimlərin adlarını dəyişdirib, azərbaycanlılara məxsus tarixi, dini abidələrimizi dağıdıblar, xalqımızın tarixi irsini silməyə çalışıblar”.
Pravda.az xəbər verir ki, bunu deputat Kamilə Əliyeva bildirib.
Deputatın sözlərinə görə, tarixi sənədlər, ötən əsrin əvvəllərinə təsadüf edilən xəritələr və bu xəritələrdə qeyd olunan yurd adları bir daha sübut edir ki, Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır və bu yurd yerlərində qədimdən azərbaycanlılar yaşayıb: “Azərbaycan xalqı öz torpağına, yurd yerlərinə bağlı bir xalqdır. Xalqımız öz torpaqları, hüquqları uğrunda hər zaman mübarizə aparıb, fədakarlıq göstəriblər. Lakin tarixin müxtəlif vaxtlarında xalqımız öz torpaqlarından qovulub, məhdudiyyətlərə düçar olublar. Müsəlman aləmində ilk demokratik dövlət olan AXC öz fəaliyyətində bir sıra mühüm qərarlar qəbul etməsinə baxmayaraq böyük tarixi səhvlərə də yol verib. 1918-ci ildə azərbaycanlıların tarixi şəhəri olan İrəvan Ermənistana bağışlanılıb və ermənilər bizim torpaqlarımızda özlərinə dövlət qurublar. Azərbaycan torpaqlarının Ermənistana verilməsi prosesi Sovet hakimiyyəti dövründə də davam etmişdir. 1920-ci ildə Zəngəzur zorla Azərbaycandan qoparılaraq Ermənistana verilib. Məqsəd Azərbaycanı coğrafi cəhətdən Naxçıvandan və eyni dilə, soykökə malik Türkiyədən ayırmaq olub. 1948-1953-cü illərdə Azərbaycan xalqına qarşı daha bir cinayət törədilmişdi. Bu illərdə 150 mindən çox soydaşımız Ermənistandakı öz tarixi torpaqlarından deportasiya olunaraq Azərbaycana yerləşdirilib. 1980-ci illərdə Ermənistan rəhbərliyi və Qarabağdakı erməni millətçiləri bu torpaqları Ermənistana birləşdirmək üçün böyük planlar həyata keçirməyə başladılar. Lakin ulu öndər Heydər Əliyev hər zaman onların bu istəklərinin qarşısını almışdı. 1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Ermənistanda və Qarabağda ermənilər azərbaycanlılara qarşı zorakılığa başladılar. 1988-ci ildən başlayaraq ermənilər öz havadarlarının köməyi ilə Qarabağda azərbaycanlıları qətlə yetirir,onların yaşadıqları evlərə od vururdular. Sonda Qarabağ və Şərqi Zəngəzur Ermənistan ordusu tərəfindən işğal edildi. Digər tərəfdən 1988-ci ildə daha 300 min azərbaycanlı Ermənistandakı öz doğma torpaqlarından didərgin salındı. Həyata keçirilən bu deportasiya zamanı çox sayda soydaşımız həlak olmuş, evləri dağıdılmış, yurd yerləri viran qoyulmuşdur. Ermənilərin törətdikləri bu vəhşiliyə, soyqırıma ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli müdrik siyasəti, mahir diplomatik bacarığı, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində Azərbaycan erməni işğalına son qoydu, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. Artıq bu torpaqlarımıza "Böyük Qayıdış" prosesi başlanmışdır. Bu gün Azərbaycan güclü bir dövlətdir və bu ölkənin İlham Əliyev kimi bir lideri, dövlət başçısı var. Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız da öz doğma torpaqlarına qayıdacaqlar. Prezident cənab İlham Əliyev Qərbi Azərbaycan icmasının ziyalıları ilə görüşdə söylədiyi fikirlər, irəli sürdüyü təkliflər bu istiqamətdə görüləcək işlər üçün bir yol xəritəsi olacaq. Qərbi Azərbaycanın Azərbaycan torpaqları olması barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə məqsədyönlü işlər aparılacaq. Bunun üçün beynəlxalq hüquqşünaslar bu məsələnin həllinə cəlb olunacaq. Qarabağ və Şərqi Zəngəzurdan olan soydaşlarımız kimi Qərbi Azərbaycandan olan soydaşlarımız da öz ata ocaqlarına dönəcəklər”.