Siyasət 2 Fevral 2023, 16:54 | Baxış sayı: 120
“Axı, siz nə qədər amansız bir rejimsiniz!”

“Türkiyə mətbuatında da belə məlumatlarlar getdi ki, Türkiyə və Azərbaycan dövləti İranın molla-fars rejiminə Xoyda zəlzələdən əziyyət çəkən soydaşlarımıza humanitar yardım edilməsiylə bağlı müraciətlər edib. “Türk Kızılay”ı və Azərbaycan da öz növbəsində bu təklifi irəli sürüb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Millət vəkili yanvarın 18 və 28-də İranın Qərbi Azərbaycan ostanında yerləşən Xoy şəhəri yaxınlığında baş verən zəlzələdə evləri dağılan və durumları çətin olan azərbaycanlılara Azərbaycan hökumətinin yardım əlini uzatmasından, habelə İran tərəfinin bu yardım təklifini qəbul etməməsinin səbəblərindən söz açıb.

E. Məmmədova görə, bu təbii fəlakətdir və bundan zərərçəkmiş insanlara yardım göstərmək lazımdır:

“Lakin İranın molla-fars rejimi bundan imtina edib və icazə verməyib. Bu isə insanlığa və bəşəriyyətə qarşı olan amansızlıq, vəhşilik və cinayətdir. Çünki təbii fəlakət olub, insanlar evsiz-eşiksiz qalıb, yaralılar, xəstələr var və ehtiyacı olanlar həddindən artıq çoxdur. Onların da yardıma ehtiyacı var. İran hökuməti isə yardım göstərmir, məhz ona görə ki, onlar azərbaycanlıdır”.

Deputatın fikrincə, bu, molla-fars rejiminin artıq neçə yüzillərdir azərbaycanlılar, türklər və digər qeyri millətlər – kürdlər, ərəblər, qaşqaylar, bəluclar və başqalarına qarşı olan ögey və düşmənçilik münasibətidir:

“Uzun müddətdir İranda molla-fars rejiminin devrilməsi üçün etiraz aksiyaları keçirilir. Çünki insanlar azadlıq istəyir. Bax, molla-fars rejimi rejimi o insanlardan bunun qisasını alır”.

Müsahibimiz İran hakimiyyətinin bu məsələyə laqeyd qalmasında hiddətlənib:

“Axı, siz nə qədər amansız bir rejimsiniz?! Bunlar sizin vətəndaşlarınızdır. Soyuq qış günündə – özü də zəlzələ olan ərazi dağlıq və dağətəyi ərazilərdir – onlar çöllərdədir. Bu gün orada şaxtalı, qarlı günlər keçir. O əhali bu gün orada sığınacaq, istilik, ərzaq, dava-dərman istəyir. Bunun heç birini də siz, molla-fars rejimi, etmirsiniz. Sanki azərbaycanlı olduqları üçün onlardan qisas alırsınız”.

Milli Məclisin deputatı bunun səbəbini belə izah edib:

“Çünki onlar Tehrandakı terror aktını pislədiklərinə və molla-fars rejiminə Azərbaycan dilində etiraz etdiklərinə görə, onlar da bunu edirlər. Bütün bunların hamısı bu gün çoxmillətli İran dövlətinə rəhbərlik edən molla-fars rejiminin qəddarlığından, amansızlığından və öz xalqına qarşı olan düşmənçilik mövqeyindən xəbər verir”.

“Baxmayaraq ki, onlar bizə qarşı düşmən mövqe sərgiləyirlər, amma biz öz humanitar yardım təkliflərimizi göstəririk. Eyni zamanda Türkiyə də bu istiqamətdə müraciətlər edib. Yəqin ki, başqa dövlətlər də təklif edib, ancaq İran bu dövlətlərdən heç birini ərazisinə buraxmır və o insanlardan sanki azərbaycanlı olduqlarına görə qisas alır”, – fikirlərini yekunlaşdırıb.

Xəbərlər