Cəmiyyət, İqtisadiyyat 3 Noyabr 2021, 18:38 | Baxış sayı: 289
"Avtomobilə də, geyimə də, yeməyə də eyni ƏDV-ni tətbiq etmək indiki halda uğurlu deyil".

“Vergi sistemində 20 milyon manata yaxın güzəşt edilir və bunu insanlara çatdırmaq lazımdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

V. Əhmədov bildirib ki, deputat olaraq onları daha çox sosial sahəyə edilən dəyişikliklər və güzəştlər maraqlandırır: “Yerli bələdiyyələrdə ümumiyyətlə materiallardan alınan vergilərdə çox böyük problemlər var. Məbləği gizlədirlər. Burada maraqlı qüvvələr də çoxdur. Rayon İcra Hakimiyyəti və digər yerlər bu vergilərdə olan qanunsuzluqlarda maraqlıdır. Ona görə də yerli bələdiyyələrlə bağlı vergilərin bir hissəsinin dövlət büdcəsinə ödənilməsinin tərəfdarıyam. Çünki vergidən yayınma halları bu sahədə olduqca çoxdur. İnsanları narahat edən bir məsələ də ƏDV-nin qaytarılmasının ləğv olunması ilə bağlıdır. Ticarət festivallarından ƏDV-nin qaytarılması mexanizminin ləğv edilməsi məsələsini insanlar səhv başa düşür. Bu, ümumilikdə ƏDV-nin qaytarılması mexanizminin ləğv edilməsi demək deyil”.

Deputat qeyd edib ki, bu paket sənədlərdə ən çox işlənən söz əlavə dəyər vergisidir: “Niyə biz bütün məhsullara 18% ƏDV tətbiq etməliyik? Yəni, avtomobilə də, geyimə də, yeməyə də eyni ƏDV-ni tətbiq etmək indiki halda uğurlu deyil. Biz bununla bağlı təkliflər vermişik. Xahiş edirik ki, bu təkliflərə baxılsın. Təklif edilən digər dəyişiklik kölgə iqtisadiyyatı ilə bağlıdır. Nağdsız hesablaşmalar bizim ağrılı yerlərimizdən biridir. Kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində işləri davam etdirməliyik”.

Deputat Ziyad Səmədzadə isə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə belə münasibət bildirib: 

“Azərbaycanda Vergi Məcəlləsi hazırlanan zaman ölkədə kölgə iqtisadiyyatının səviyyəsi bəlkə də 70-80% idi. Artıq ölkədə nə qədər əmək müqavilələri bağlanıb, kölgə iqtisadiyyatı ilə mübarizə genişlənib".

O deyib ki, ölkədə həmin dövrdə aclıq, yoxsulluq vardı, iş yerləri yox səviyyəsində idi: “Biz belə şəraitdə yaşamışıq. Tam razıyam ki, Vergi Məcəlləsi yenidən hazırlanmalıdır. Bildiyimə görə, artıq məcəllənin hazırlanması üçün iş gedir. Nəhayət ki, biz artıq Prezidentin ifadə etdiyi sosialyönümlü bazar iqtisadiyyatını qururuq. Vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi gedir. Bu gün çox təəssüflə bildirirəm ki, Azərbaycan büdcəsində ən böyük xərclərdən biri səhiyyə sahəsi ilə bağlıdır. Bu, həmin təşkilatlar qarşısında sual qoyur”.

Z. Səmədzadə kitabların, dərsliklərin ƏDV-dən azad edilməsinə də münasibət bildirib: “Neçə kitab mağazaları bağlandı. Biz uzun illər bu güzəştin müəyyən edilməsini təklif etmişik”.

 

Deputat Əli Məsimli isə deyir ki, siqaretin aksiz dərəcəsi qalxdıqca onun qiyməti də qalxır. Bu isə insanların büdcəsinə pis təsir edir:

“Vəzifəli şəxslər gəlir bəyannaməsi təqdim etsə, ofşor zonalarla bağlı problem tədricən aradan qalxacaq”.

"Siqaretlərə aksizlərin qoyulmasını düzgün hesab etmirəm. Bu aztəminatlı ailələrin büdcəsinə xeyli dərəcədə təsir göstərəcək. Sosial sahədə olan güzəştləri alqışlayırıq. Digər tərəfdən, ölkə xaricində və daxilində müalicə xərcləri ilə bağlı təklif edilən rəqəmləri daha da artırmağı təklif edirəm. Çünki bu xəstəliklərin əməliyyatlarının qiyməti olduqca bahalıdır. Məsələn, xaricdə ciyər köçürülməsi ilə bağlı əməliyyata ən yaxşı halda 50 min manat vəsait tələb olunur. Ona görə də təklif edilən 40 min manatlıq həddi bir az da artırmaq daha da məqsədəuyğun olardı. 20 il ərzində “n” sayda dəyişikliklər edilmiş Vergi Məcəlləsi 2030-cu ilə qədər müəyyən edilmiş milli prioritetlərin əksini tapdığı Vergi Məcəlləsi ola bilməz”.

Aydın Hüseynov: “Neft Fondundan transferləri nəzərə almasaq, büdcə gəlirlərinin təminatçısı vergi daxilolmalarıdır”.

“Həm vergi ödəyicisi, həm də vergilərdən yararlanan cəmiyyətdir. Vergi Məcəlləsi tez-tez dəyişir. Bunun tez-tez dəyişməməsi və uzunmüddətli olması üçün cəmiyyətin bütün üzvləri bunun qəbulunda iştirak etsin. Vergi dəyişiklikləri üzərində 4-5 aydır iş gedir. Lakin biz bu dəyişiklərin müzakirəsini cəmiyyət üçün açıq etməliyik. Dəyişikliklər hazırlananda televiziya efirlərində müzakirəyə çıxarılması daha yaxşı olardı. Belə olan halda hər bir vətəndaş öz borcunu, öhdəliyini başa düşür, proses daha effektiv olur”.

Bələdiyyə büdcələri ilə bağlı Vergi Məcəlləsində dəyişikliyə toxunan deputat qeyd edib ki, tikinti materiallarına görə vergi hissəsi bütün bələdiyyələri əhatə etmir: “Bələdiyyələrdə özünə inam yaratmaq lazımdır. Vətən müharibəsindən sonrakı dövrdə bələdiyyələr sosial problemlərin həll edilməsində yaxından iştirak edir”.

 

 

Xəbərlər