"Avropa və Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olur"
Bu günlərdə Paşinyan Avropa Parlamentində çıxışında nə qədər ikibaşlı mövqe ortaya qoysa da, söylədi ki, ölkəsi bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, Fransa bulanıq suda balıq tutmaq siyasətini həyata keçirir: “Rəsmi Paris Ermənistanı silahlandırma yolunu seçib. Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə ediləndə Fransa Zəngəzurda konsulluq açmaq təşəbbüsünü ortaya qoyur. Bütün bunlar onu göstərir ki, bu gün əslində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına Ermənistandan 5 dəfə artıq Fransa mane olur. Ancaq biz qalibik. Müharibəni udduğumuz kimi sülhü də udacağıq!”.
Deputat Bəhruz Məhərrəmov qeyd edib ki, Avropanın regional mexanizmlərinə münasibətdə Azərbaycan həmişə vicdanlı davranıb: “Azərbaycanın 20 faiz ərazisi Avropa Şurasının üzvü tərəfindən işğalda saxlanılıb, amma təsisatın məhz hüquq adına effektiv reaksiyasını görməmişik. Avropa İttifaqının bir sıra üzvləri və Avroparlamentin timsalında təsisatları isə açıq formada erməni təcavüzü və separatizminə dəstək veriblər. Azərbaycan özünümüdafiə hüququnu həyata keçirib işğal və separatizmə son qoymaqla beynəlxalq hüququn aliliyini təmin edib. Amma bizim BMT Nizamnaməsi ilə təsbit olunmuş haqlarımızı mübahisələndirməyə çalışır, ermənilərin qayıdış hüququndan bəhs edən saxtakar bəyanatlar tirajlayırlar. Bizim hədəfimizdə erməni yox, işğal, separatizm və terror olub və ermənilər məhz Ermənistanın və havadarlarının təhriki ilə Qarabağdan köçüb. Onlarla ləyaqətə davranılıb, rahat gedişləri təmin olunub və proses də vizual formada sənədləşdirilib. Prezident İlham Əliyev isə ardıcıl Zəfərləri ilə, Ermənistanı, onun havadarlarını, o cümlədən Xankəndi təlxəkləri kimi mənəvi və siyasi cəhətdən bitmiş bu ünsürləri də yerlə yeksan etdi”.
Deputat Azər Badamov qeyd edib ki, Avropalılar boş-boşuna Azərbaycana qarşı bəyanatlar qəbul etmək əvəzinə məsələlərə ədalətlə yanaşaraq regionda sülhün qurulması üçün gələcəyin gündəliyi haqqında danışsalar daha yaxşı olar: “Avropa parlamenti və Avropa İttifaqı elə hesab edir ki, onların dedikləri beynəlxalq hüquqdur. Amma unudurlar ki, dünyada suverenliyini tanınmış 200-ə yaxın dövlət var və beynəlxalq hüquq hamı üçün eynidir. 19-20 sentyabrda heç bir mülki şəxsə zərər yetirmədən keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistanın təzyiq altında məqsədli şəkildə Qarabağdan könüllü şəkildə çıxmış ermənilərin geri qayıtmasına şəraitin yaradılmasına çağırış edən Avropa İttifaqı güc yolu ilə deportasiya olunmuş 250 min azərbaycanlının təhlükəsiz qayıdışını və insan hüquqların təmin olunmasını Ermənistandan eyni şəkildə niyə tələb etmir? İşğaldan azad olunmuş ərazilərimizdə ermənilərin mədəni və dini abidələri ilə narahatlığını bildirən Avropa İttifaqı Ermənistanda və Ermənistanın Azərbaycanın suveren ərazilərində dağıdaraq təhqir etdikləri azərbaycanlıların məscidləri, tarixi və mədəni abidələri ilə bağlı səslərini niyə çıxartmadı? Ermənistanın döyüş meydanında ölü saylarını gizlətmək məqsədilə özlərinin basdırdıqları 1000 nəfərin itkin kimi təqdim etməsindən narahat olan avropalılar Birinci Qarabağ müharibəsindən itkin düşmüş və bu gün kütləvi məzarlıqlarda vaxtaşırı üzə çıxan 4 min azərbaycanlının taleyini niyə narahat etmir? Avropalılar nədir, bizi insan hesab etmirlər? Əgər onlar elə düşünürlərsə çox böyük səhv edirlər və biz özümüzə hörmət qoydurmağı bacarırıq. Çünki Cənubi Qafqaz regionu Avropanın da sülh içində yaşaması üçün çox vacibdir”.
Deputat Razi Nurullayev qeyd edib ki, Qarabağ Zəfəri bizə yalnız suverenliyimizi qaytarmadı, düşmənlərimizi tanımağa da kömək etdi: “Qərb ölkələri Qarabağı Ermənistana vermək istəyirdilər. Niyə Əli Kərimli, Sevinc Osmanqızı və Avropaya səpələnən belələri Qərb ölkəsini tənqid etmir? Ö ölkələri adlarını fərqli fikir qoyub xaricdən maliyyələşən mətbuat da tənqid etmir”.
Deputat Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin də özünü Fransanın müstəmləkəsi kimi apardığını vurğulayıb: “Bu gün Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 6 iyul tarixində Qoşulmama Hərəkatının iclasında Fransa müstəmləkəçiliyi ilə bağlı qaldırdığı məsələnin məntiqi davamıdır. Bu konfrans Azərbaycanın dünya səviyyəsində fundamental insan hüquqlarının qorunmasına verdiyi töhfənin növbəti təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyev Fransanı dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmətlə yanaşmağa, Fransa Prezidentindən müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməyə çağırmışdı. Təəssüf ki, Fransa hələ də üzr istəmək əvəzinə, ölkə daxilində pozulmuş insan hüquqlarını müdafiə etmək əvəzinə, başqalarına dərs keçməyə cəhd göstərir. Bununla kifayətlənməyib müxtəlif regionlarda yeni münaqişə ocaqları yaratmağa çalışır. Fransa bu cür təxribatlara müxtəlif formatlarda cəhd edir. Misal üçün Fransanın Ermənistanla yeni silah müqaviləsi imzalaması sülhə deyil, yeni qarşıdurmaya xidmət edir. Həm AŞPA-da həm də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamələr Fransa məhsuludur, məhz Fransanın dəstəyi ilə həyata keçirilir. Həmin qətnamələrin heç bir hüquqi və mənəvi əsası yoxdur”.
APA