"Avropa Şurasına üzv ölkəni hansısa qeyri-demokratik rejimlərlə bir sıraya qoymaq ədalətsizlikdir"
Nüfuzlu “Freedom House” beynəlxalq insan hüquqları təşkilatı ötən ilin yekunları ilə bağlı dünyada insan hüquqlarının vəziyyətini əks etdirən hesabat dərc edib. Hesabatın Azərbaycanla bağlı bölümündə ölkəmizdə insan hüquqlarının durumu kəskin tənqid edilib. Azərbaycan media azadlığına görə isə Çin, Yəmən və digər antidemokratik rejimlərlə bir sırada qoyulub. Milli Məclisin YAP-dan olan deputatı Naqif Həmzəyev Gununsesi.info-ya açıqlamasında “Freedom House”n hesabatını qəbul etmədiyini deyib: “İnsan hüquqları elə bir mövzudur ki, onun ətrafında müzakirələr açmaq olar. Azərbaycan bu sahədə kifayyət qədər uğurları olan ölkədir. Amma bizim adımızı qeyri-demokratik ölkələrlə bir sıraya qoymaq açıq qərəzin ifadəsidir. Bu hesabatı hazırlayanda Azərbaycanın Avropa Şurası kimi mötəbər bir təşkilatda üzvlüyünü belə nəzərə almayıblar. Avropa Şurasına üzv olmaq istəyən ölkə üzərinə öhdəliklər götürür və onu həyata keçirməlidir. Azərbaycan da bu prosesi uğurla keçib. Avropa Şurasına üzv olan bir ölkəni qeyri-demokratik rejimlərlə bir sıraya qoymaq ədalətsizlikdir”.
Naqif Həmzəyev deyir ki, hansısa konkret məsələləri bütövlükdə ölkə adına yazmaq doğru yanaşma deyil: “Bəzən olub ki, kiməsə istintaqda və məhkəmədə qeyri-adekvat münasibət olub. Sonradan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları olub və Azərbaycanın yuxarı instansiya məhkəmələri bu yanlışı düzəldib. Yəni ki, son nəticə həmin şəxsin əsas hüquq və azadlıqlarının təmin olunmasına gətirib çıxarıb. Ancaq hesabatlarda yalnız bu proseslərin ilkin mərhələsi-həbs dövründən bəhs edilir. Məncə bu yanlış yanaşmadır. Hesab edirəm ki, “Freedom House” və digər təşkilatlar hesabatlarını yazarkən, alternativ mənbələrə, o cümlədən rəsmi mənbələrə də baş vurmalıdır”