Siyasət 6 Oktyabr 2023, 12:31 | Baxış sayı: 95
"Avropa parlamentinin qətnamələri lazımsız kağız parçasından başqa bir şey deyil"

“Avropa Parlamentinin mövqeyi, ermənipərəst fəaliyyəti bizə çoxdan bəllidir. Bunlar vaxtaşırı Azərbaycana qarşı belə qərəzli dinləmələr keçirir, qətnamələr, qərarlar qəbul edirlər. Ancaq cənab Prezidentin dediyi kimi, qəbul etdikləri qətnamələr bizim üçün lazımsız kağız parçasından başqa bir şey deyil. Cənab Prezidentimiz Avropa parlamentinin nümayəndəsi ilə görüşdə gözünün içinə dedi ki, bəzən belə düşünürük, Avropa Parlamentində qərarları qəbul edən, dinləmələri keçirən Ermənistan parlamentidir, siz Azərbaycana qarşı Ermənistan parlamentindən daha çox fəaliyyət göstərirsiniz...” 

 

Bu sözləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. 

Deputat bildirib ki, burada çox şübhəli məqamlar var: “Avropa parlamentində müəyyən deputat qruplarının erməni pulu ilə seçilməsi, fəaliyyət göstərməsi, erməni pulu ilə danışması artıq gizli deyil. Çünki vaxtaşırı belə deputatlar ifşa olunur, məlumatlar yayılır. Bu qətnamə də Avropa parlamentinin Azərbaycana qarşı düşmən mövqedə olduğunu göstərən xoşagəlməz fəaliyyətidir. Təbii ki, Azərbaycanın müvafiq rəsmi qurumları, o cümlədən Milli Məclis tərəfindən lazımi cavab veriləcək. Bu gün parlamentin iclasında sözügedən qətnamə ilə bağlı bəyanat qəbul ediləcək. Azərbaycan Xarici İşlər Nazirliyi də öz mövqeyini bildirib. Bütün Azərbaycan xalqı Avropa Parlamentini Azərbaycana qarşı qərəzli mövqeyinə görə ermənipərəst qurum kimi tanıyır. Bundan sonra da Avropa parlamentindən yaxşı heç nə gözləmirik. Azərbaycan özünün haqlı, beynəlxalq hüquqa əsaslanan mövqeyini ortaya qoyub. Azərbaycana qarşı belə qurumlar nə qəbul edirlərsə, etsinlər, nə deyirlərsə, desinlər, heç bir əhəmiyyəti olmayacaq, heç nə əldə edə bilməyəcəklər...” 

pravda.az

Xəbərlər