Plenar iclaslar 6 Oktyabr 2023, 12:42 | Baxış sayı: 149
"Avropa İttifaqı bir xristian klubudur"

Avropa İttifaqı bir xristian klubudur. Uzun illərdir qardaş Türkiyəni Avropa İttifaqına buraxmırlar. Avropada islamafobiya geniş yayılıb.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar müzakirə zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dünən qəbul edilən qətnamə də ürək bulandırır: “Avropa 1990-ci illərdə etnik təmizləmə həyata keçirən Ermənistana qarşı sanksiya tətbiq etmədi, Ermənistanın bu hərəkətini pisləmədi. İndi ermənilər bizimlə yaşamaq istəmir, amma Avropa bunu etnik təmizləmə adlandırır. Bütün bunlar onu göstərir ki, biz nə etsək, Avropanın bizə münasibəti dəyişməyəcək. Yalnız biz öz torpaqlarımızdan əl çəksək, hüquqlarımızdan imtina etsək, bu münasibət dəyişər. Azərbaycan öz əraziləri üzərində dövlət suverenliyini bərpa edib. Bu yoldan bizi heç nə çəkindirə bilməz. Dünən onların qəbul etdiyi qərar Azərbaycan-Avropa əlaqələrində qara ləkə olaraq qalacaq”.

Deputat Elman Nəsirov isə qeyd edib ki, hələ Ermənistan parlamentində dünən Avropa Parlamentində Azərbaycan əleyhinə səsləndirilən fikirlər qədər sərt çıxışlar olmayıb: "Avropa parlamentində xirtdəyə qədər rüşvətə batmış adamlar var və bu gün onlar öz missiyasını həyata keçirir. Avropa Parlamenti yekcins deyil, Avropa Komissiyası ilə bizim yaxşı münasibətlərimiz var. Avropa Komissiyası Avropa Parlamentindən fərqli olaraq bilir ki, oturduğu budağı kəsmək nə deməkdir. Avropa Parlamentinin deputatlarının bu siyasi hoqqabazlığının heç bir əsası yoxdur”.

Deputat Bəhruz Məhərrəmov deyib ki, Prezident Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki tarixi çıxışında bəyan etdi ki, “İndi Qafqazda sülh üçün vaxt yetişib: “Həqiqətən bu gün Qafqaz əsrlərdir möhtac qaldığı sülhə məhz Prezident İlham Əliyevin sayəsində heç vaxt olmadığı qədər yaxındır. Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb. Biz sülhün bir addımlığındayıq. Amma görünən odur ki, Avropa Parlamenti, Fransa, Almaniya kimi subyektlər bu bir addımlıq məsafəyə israrla burunlarını soxmaq istəyirlər. Əlbəttə bizim üçün onların nə sözlərinin, nə özlərinin heç bir qiyməti yoxdur. Amma eyni zamanda bilsinlər ki, Avroparlamentdə şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır bizə bəllidir. Ona görə də Prezidentin dediyi kimi hər kəs öz işi ilə məşğul olsun və bizim səbrimizlə oynamasınlar. Hər bir halda itirən biz olmayacağıq. Heç kim möhtərəm Prezidentin iradəsinə təsir edə bilməz. Vətən müharibəsində bizə məğlub olanlar bundan sonra mübarizədə israrlı olacaqlarsa, məğlubiyyətlər seriyasına hazır olmalıdırlar”.

 

Vitse-spiker Fəzail İbrahimli deyib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə bizi təəccübləndirməməlidir. Biz bu boz üzləri uzun illərdir görürük: “Biz son addımımızla onları çox çətin vəziyyətə saldıq: “Fransanın təşəbbüsləri Ermənistanı sakitləşdirmək üçün atılan addımdır. Qətnamə Azərbaycan üçün heç nəyi dəyişməyəcək. Fransanın qətnamədə diqqət çəkdiyi bir məqama baxaq. Avropa Parlamenti qətnamədə BMT-ni onları kənarda qoymaqda ittiham edir. Çünki BMT Azərbaycana haqq qazandıran bəyanatla çıxış etdi. Avropa İttifaqının Ermənistanı müdafiə edəcəyi ilə bağlı müddəanın isə heç bir əsası yoxdur. Bu qətnamə Fransanın pərt, rəzil durumundan çıxmağa çalışmasıdır. Makron Avropanı o günə salıb. Deyirlər ki, ağsaqqalı gülüm olanın başına külüm olar. Azərbaycan öz siyasətini yürütməyə davam edəcək. Necə deyərlər, dəyirman çak-çak edir, karvan yolunu gedir”.

Deputat Rasim Musabəyov qeyd edib ki, Fransanın bütün proseslərdən kənarda saxlamaq lazımdır, onun nə müraciətlərinə, nə təkliflərinə reaksiya verilməlidir:

“Naqornıy Karabax” ifadəsi işlədilən sənədlər baxılmadan geri göndərilməlidir və rədd edilməlidir. Keçmiş sovetlər dövründə bu var idi, amma artıq yox idi. Hər kəsə məlumat verilməlidir ki, Azərbaycanda artıq bu ad işlədilmir”. APA

Xəbərlər