Siyasət 20 Oktyabr 2023, 12:51 | Baxış sayı: 97
"Avropa institutları özlərini ifşa edir"

Avropa institutları özlərini ifşa edir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, müasir Avropa təsisatları yaradılarkən bəşəri dəyərlər rəhbər tutulub və 1948-ci il İnsan Hüquqları Bəyannaməsinin məqsədi, habelə sənəddə bəyan edilən hüquqların hamılıqla və səmərəli tanınması və həyata keçirilməsi ali niyyət kimi müəyyən olunub: "Hətta Avropa Şurasının Nizamnaməsinin preambulasında ifadə olunur ki, bu sənəd ədalətlə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanılaraq qəbul edilib. O cümlədən də Avropa İttifaqı üçün beynəlxalq hüququn əməkdaşlıq prinsipləri fəaliyyət üçün təməl olaraq müəyyən edilib. Azərbaycan məhz bu bəşəri dəyərləri bölüşdüyünə və özünün Konstitusiyasının preambulasında təsbit olunmuş ali niyyətlər və 12-ci maddədə ifadə edilən dövlətin ali məqsədləri ilə üst-üstə düşdüyünə görə bu təsisatlarla əməkdaşlıq edir. Ötən dövr ərzində uğurlu əməkdaşlıq modeli qurulsa da, demək olar ki, bu təsisatların heç biri öz imkan və səlahiyyətlərinə münasibətdə Azərbaycanın gözləntilərini doğrultmamaqdadır. Prezident İlham Əliyevin 24 iyun 2014-cü ildə Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı tarixi nitqində də bəyan etdiyi kimi, “demokratiya, qanunun aliliyi və müxtəlif ölkələrdəki vəziyyətə bəzən selektiv yanaşma” bu illər ərzində bizi çox narahat edib. Digər tərəfdən, 30 ilə yaxın bir dövrdə Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğalda saxlanılmasına, elə Avropa təsisatlarının Fransa, Lüksemburq, İsveçrə kimi bir sıra aparıcı subyektləri Ermənistanın işğal, təcavüz siyasətinə, ərazimizdə erməni separatizminə birbaşa və dolayı yollarla dəstək veriblər. Baxmayaraq ki Avropa Şurasının və Avropa İttifaqının Nizamnamələrində, Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğu, Avropa Konvensiyasında isə əsas məqsədin onun üzvləri arasında daha böyük birliyə nail olmaqdan ibarət olduğu bəyan edilir. Bu illər ərzində işğal və təcavüzə dəstək verən, separatizmi təşviq edən platformalar bəşəri dəyərlər naminə “birlikdən” danışa bilərmi? Xüsusən, Avropa Parlamenti məhz selektiv yanaşması ilə, özünün Nizamnaməsinə zidd davranmaqla ədalətli mövqedən uzaqlaşdığını və ayrı-ayrı qüvvələrin əlində alətə çevrildiyini göstərməkdədir. Azərbaycanın ötən illər ərzində bu qurumlardan faktiki işğal və təcavüz faktı ilə bağlı qətiyyətli mövqe görməyib. Baxmayaraq ki, məsələn, AŞPA özü bir neçə dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etmiş, bununla işğal faktını tanımışdı. Prezident İlham Əliyevin 2014-cü ildə Strasburqda bəyan etdiyi kimi, “Ermənistan Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qeyd edilən məzmunlu qətnaməsinə ümumiyyətlə məhəl qoymurdu”. Amma nə Avropa Şurası, nə qurumun Parlament Assambleyası, nə Avropa Parlamenti bu məsələ ilə bağlı nəinki ədalətli mövqe tutmadı, əksinə, Ermənistanın işğalçılıq mövzusunda, ümumiyyətlə, danışmamağa üstünlük verdi. Təbii ki, bu tip davamlı riyakar və selektiv yanaşması ilə Avropa təsisatları, xüsusən Avropa İttifaqında əslində son bəyan olunanlar sadəcə sənədləşmiş, lüzumsuz söz yığınıdır. Ötən gün biz yenə də riyakar strukturun Azərbaycana çağırış edən, ermənilərin Qarabağa qayıdış hüququndan bəhs edən saxtakar bəyanatlarına şahidlik etdik. 700 mindən artıq məcburi köçkünün, 300 mindən artıq Qərbi azərbaycanlının qayıdış hüquqlarından bir dəfə də olsun bəhs etməyən, 1 milyondan artıq insanın hüquqlarını görməzdən gələn Avropa İttifaqını bu gün hansı maraqlar danışdırır, bizə tam aydındır. Biz çox yaxşı xatırlayırıq ki, cəmi üç il öncə Gəncə, Bərdə, Tərtərdə dinc insanlar Ermənistan tərəfindən raket atəşinə tutularkən, yüzlərlə mülki şəxs, qadınlar, qocalar, uşaqlar məhz azərbaycanlı olduqları üçün müharibə cinayətlərinə qurban gedərkən bu riyakarlar necə və niyə susurdu? Bu mənada Fransanın göstərişləri ilə hərəkət edən, ədalətsiz və qərəzli bir təşkilatın hər hansı qərar və tövsiyəsi bizim üçün mötəbər ola bilməz və real situasiyanı təhrif edən bu çirkli kağız parçaları, habelə bu tip davranışlarla sadəcə, Avropa institutları özlərini ifşa edir”.

Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan istər Vətən müharibəsində, istərsə də antiterror tədbirləri zamanı BMT Nizamnaməsinin 51-ci maddəsində ifadə olunmuş özünümüdafiə hüququnu həyata keçirib, işğalçı, təcavüzkar ilə mübarizə aparıb, beynəlxalq hüququn aliliyini təmin edib: “Belə olan halda Avropa İttifaqı hansı əsaslarla Azərbaycanın özünümüdafiə hüququna müdaxilə edən təxribatçı çağırışlar edir və bizim BMT Nizamnaməsi ilə təsbit olunmuş haqlarımızı hansı əsasla mübahisələndirə bilər? Biz bütün hərbi əməliyyatlarda beynəlxalq humanitar hüququn tələblərini rəhbər tutaraq hərəkət etmişik, bizim hədəfimizdə ermənilər yox, işğal, separatizm və terror olub. Ermənilər məhz Ermənistanın və havadarlarının, o cümlədən Fransanın təhriki ilə Qarabağdan köçüb. Bu prosesdə, demək olar ki, onların hər birinin Azərbaycan tərəfindən heç bir təzyiq və təhdidə məruz qalmamaları barədə audiovizual ifadələri sənədləşdirilib. Xocalıdan, Kəlbəcərdən, Laçından, Şuşadan qovulan insanlar, qışda Arazın buzlu suyuna tökülən zəngilanlılar Ermənistandan eyni münasibəti görmüşdümü? Bütün bunların fonunda Avropa İttifaqı, yaxşı olar ki, boşboğazlıqdan əl çəkib özünün davranışlarını təsis sənədlərində müəyyən edilmiş ehkamlara uyğunlaşdırsın. Bəli, biz reinteqrasiya prosesində qərarlıyıq, bu istiqamətdə kifayət qədər ciddi addımlar atılmaqdadır və kənar müdaxilələrə lüzum görmürük. Lakin hansısa beynəlxalq təşkilat, o cümlədən Avropa İttifaqı bu məsələyə burnunu soxmaqda israrlıdırsa, o zaman öncə 300 mindən artıq Qərbi azərbaycanlının Ermənistana ləyaqətli qayıdış hüququndan, habelə 700 mindən artıq azərbaycanlının Qarabağ və Şərqi Zəngəzura qayıdışını ləngidən mina terroru, onların yerlə-yeksan edilmiş evləri və vandalizmə məruz qalmış qəbiristanlıqlarından başlasın”.

APA

Xəbərlər