"AŞPA-ya ödədiyimiz külli miqdarda üzvlük haqqı ilə Qarabağda daha yaxşı işlər görə bilərik"
“Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması doğru addımdır. Çünki hər dəfə ora ümidlərlə gedirik, həmişə də xüsusilə birbaşa Fransanın təşkilatçılığı ilə Azərbaycana qarşı müxtəlif mövzular tapılır və təzyiqlər edilir. Olmayan, həqiqəti özündə əks etdirməyən faktlar səsləndirilir, heç birinin də əsası yoxdur. Nə vaxtsa Azərbaycan nümayəndə heyətinə qarşı AŞPA-da fərqli mövqe sərgilənmir. Nümayəndə heyətimizin üzvləri bu məsələləri, ikili standartların, dini və irqi ayrıseçkiliyin olmasını dəfələrlə dilə gətirsələr də, Azərbaycana qarşı münasibətin düzgün olmadığını onlar sanki eşitmək istəmirlər. Bu da, təbii ki, Azərbaycan nümayəndə heyətini narahat edir. Artıq Azərbaycanın AŞPA-ya heç bir ehtiyacı yoxdur. Çünki onsuz da onlar bizim mövqeyimizi eşitmək istəmir, bizi müdafiə etmir, hər vəchlə Azərbaycana qarşı konkret düşmən mövqeyi sərgiləyirlər. Bu, bizi qane etmir”.
Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev deyib.
Deputat düşünür ki, AŞPA, Avropa parlamenti və digər Avropa təsisatları Azərbaycana qarşı mövqelərini dəyişməyəcəkləri, Azərbaycana fayda verməkdə maraqlı olmayacaqları təqdirdə onlarla əməkdaşlıq etməyin, külli miqdarda üzvlük haqqı ödəməyin mənası yoxdur: “Ora ödədiyimiz pula Qarabağda daha yaxşı işlər görə, quruculuq, abadlıq işlərini daha da sürətləndirə bilərik. Avropa İttifaqı Azərbaycana dəyər verməyi bacarmırsa, AŞPA Azərbaycanın qiymətini verə bilmirsə, Azərbaycanla əməkdaşlıqda həqiqətən səmimi deyilsə, biz nəyə görə onlara qarşı səmimi olmalı və münasibətlərimizi davam etdirməyə səy göstərməliyik? İlk növbədə, onlar öz səhvlərini düzəltsinlər. Azərbaycana qarşı ədalətsiz mövqedən əl çəksinlər, daha sonra əməkdaşlığın yeni perspektivlərini müzakirə edə bilərik. Bu sahədə kifayət qədər mütəxəssislərimiz var. Onlar mütləq araşdırmalıdırlar ki, Avropa Şurasının bizə faydası, yoxsa ziyanı var? Əgər onlar Azərbaycan inkişafının qarşısını kəsirlərsə, suverenliyini şübhə altına alırlarsa, Azərbaycana şər-böhtan atırlarsa, bu ittihamları qətiyyən qəbul etməməli, AŞPA ilə əlaqələri kəsməliyik”.
N.Həmzəyev əlavə edib: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması Ermənistanla yanaşı Ermənistanı dəstəkləyən bəzi dövlətləri də narahat edirdi. Mərhələli şəkildə Fransanın və Avropa İttifaqına daxil olan digər dövlətlərin birbaşa dəstəyi ilə həm BMT Təhlükəsizlik Şurasında, həm Avropa Şurasında mütəmadi olaraq Azərbaycan əleyhinə qərəzli mövqe sərgilənir, müxtəlif bəyanatlar səsləndirilirdi. Hədəf, məqsəd Azərbaycana təzyiq göstərmək, onun nüfuzunu aşağı salmaq idi. Ancaq belə bir sual yaranır: "Ümumiyyətlə, Azərbaycan Avropa təsisatlarına nə üçün üzv olmuşdu? Azərbaycan nə üçün məhz Avropa Şurası üzvlüyünü qəbul edərək bu məsuliyyətli yükün altına girmişdi?" Azərbaycan ilk növbədə insan haqlarına hörmət edildiyini, demokratik dövlət olaraq inkişaf etmək yolunu seçdiyini bəyan edir, ən böyük problem olan Qarabağ probleminin həllində Avropa təsisatlarından kömək gözləyirdi. Düşünürdük ki, Azərbaycan bu təsisata üzv olacağı təqdirdə Ermənistan da üzv olacaq, nəticədə sülh yolu ilə problemin həlli yolunu tapa biləcəyik. Çox təəssüf ki, 2001-ci ildən başlayaraq Azərbaycan bacardığı qədər aktivlik göstərdi, bütün seçkilər Avropa təsisatları tərəfindən müşahidə edildi, Azərbaycanda baş verən bir çox proseslərdə bu təşkilatın nümayəndələri yaxından iştirak etdilər. Ancaq təəssüf ki, hər zaman onlar xristian mövqeyindən çıxış etdilər, Ermənistanı daha çox müdafiə etdilər. Bir dəfə də olsun Ermənistana qarşı real təzyiqlərin şahidi olmadıq. Hansısa üstüörtülü bəyanatlar verərək Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, Ermənistana qarşı ciddi təzyiqlərin şahidi olmadıq. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vurandan sonra məhz Azərbaycana qarşı təzyiq mexanizmlərinin azaldığını görən bu təsisatlar, qurumlar Ermənistanı açıq formada dəstəkləməyi daha da gücləndirdilər”.
pravda.az