Siyasət 30 Yanvar 2024, 13:54 | Baxış sayı: 177
"AŞPA-nın bu davranışı oturduğu ağacın budaqlarını kəsməyə bənzəyir"

Avropa Şurası Parlament Assambleyasında 306 deputat təmsil olunur, onlardan 96-sının iştirakı ilə Azərbaycan əleyhinə sənəd müzakirə olunub və 76 deputatın sənədin leyhinə səs verməsi ilə Azərbaycan nümayəndə heyəti səsvermə hüququndan məhrum edilib. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri bir il müddətinə təsdiq edilməyib, yəni bu müddət ərzində Azərbaycan AŞPA-da təmsil oluna bilməz. AŞPA-da Azərbaycanı təmsil edən deputatlar da bu qərarı gözləmədən bəyanatla çıxış etdilər. Bildirildi ki, Azərbaycan nümayəndə heyəti ölkəmizə qarşı qərəzli mövqeyə, ikili standartlara, milli və dini zəmində nifrətə, azərbaycanofobiya və islamofobiyaya görə bu təşkilatda fəaliyyətini qeyri-müəyyən müddətə dayandırır və buna görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür. AŞPA-nın bu qərarını şərtləndirən fundamental səbəb Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsidir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

O qeyd edib ki, AŞPA-nın niyyəti torpaqlarımızın işğalının davam etməsi idi, xüsusən də 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində separatizmə son qoyulması AŞPA-dakı 76 deputatın yuxusuna haram qatıb:

“Araşdırdıqda məlum olur ki, həmin deputatlar birbaşa və ya dolayı yolla erməni lobbisi ilə əlaqəsi olan şəxslərdir. Azərbaycana qarşı təzyiq layihəsinin müəllifi Franş Şvab etnik almandır, amma məlum olur ki, onun məşuqəsi ermənidir. Erməni milli geyimində çəkdirilmiş şəkilləri sosial şəbəkələri bəzəyir. Azərbaycan əleyhinə səs verən daha bir şəxs Frank Engeldir, onun da həyat yoldaşı ermənidir. Digərləri də bu və ya digər şəkildə erməni lobbisinə xidmət edən insanlardır. Deməli, AŞPA bu gün o qədər zəifləyib ki, Avropa qitəsinin strateji maraqlarına deyil, erməni maraqlarına xidmət edən qərarlar qəbul edir. Bu, dözülməzdir və təşkilatın nə dərəcədə erroziyaya uğradığına dəlalət edir”. 

Deputatın sözlərinə görə, ümumiyyətlə, bu gün nəinki beynəlxalq təşkilatlar hüququn keşiyində dayanmır, hətta özləri beynəlxalq hüququn prinsiplərini pozan tərəf kimi çıxış edir: 

“Beynəlxalq təşkilatların ən böyüyü olan BMT və onun Təhlükəsizlik Şurasında ciddi islahatlar aparılmalıdır. Bu təşkilatın nüfuzlu aşağı düşüb. Ondan aşağı nüfuza malik AŞPA-dan bu baxımdan nə gözləmək olar?! AŞPA-nın qəbul etdiyi qərarların sifariş xarakterli olduğu da bizə bəllidir. Bu sifarişlər də okeanın o tayından və Parisdən – Yelisey Sarayından gəlir, bütün dünya bunu görür. 

Belə bir addımın atılması heç bir halda regionda sülhə və təhlükəsizliyə xidmət etmir. 30 il ərzində Azərbaycan torpaqları işğal altında qaldı, bir dəfə də AŞPA Ermənistana təzyiq etmədi. Bir dəfə də Ermənistan nümayəndə heyəti səsvermə hüququndan məhrum edilmədi. Halbuki 1949-cu ilin may ayında AŞPA yaradılarkən onun nizamnaməsində aydın şəkildə qeyd edilmişdi ki, bu təşkilat Avropada bir nəfər belə olsun, onun hüquqlarının qorunması missiyasını həyata keçirəcəkdir. 2001-ci ildə quruma üzv olarkən ümid etdik və inandıq ki, burada təmsilçiliyimiz Ermənistanın işğalçı siyasətinə son qoyacaq, erməni separatizminin qarşısını alacaq. Lakin bu baş vermədi və biz Qarabağ problemini özümüz hərbi-siyasi yolla həll etdik. Tarixi zəfərə imza atmış, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etmişik. Belə olan halda AŞPA bizi dəstəkləmək əvəzinə Ermənistanın yanında yer alır və Azərbaycanı ittiham edir. Guya biz Ermənistana təcüvüz edirik, Qarabağda yaşayan erməniləri qovmuşuq kimi əsassız ittihamlarla çıxış edir”. 

E.Nəsirovun fikrincə, bu addım AŞPA-nı nüfuzdan salacaq və onun imicinə xələl gətirəcək: 

“Ümid edirəm ki, AŞPA necə böyük bir səhv etdiyinin fərqində olacaq. İstisna deyil ki, o da Avropa İttifaqının yolunu davam etdirir. Bir müddət sonra Azərbaycan Prezidentindən xahiş edəcəklər ki, AŞPA-dan gələn nümayəndə heyətini qəbul etsin. Necə ki, Aİ-nin 20-ə qədər nümayəndəsi Azərbaycana səfər etdi, Azərbaycan Prezidenti də onları şagird kimi qarşısında əyləşdirdi və münasibətlərin bərpa olunması üçün ikili standartlara son qoyulması tələb olundu. Anoloji addımı atmadığı təqdirdə bu, AŞPA-nın özünə ziyandır. Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən Azərbaycanla təhdid dilində danışmaq olmaz. AŞPA-nın bu davranışı oturduğu ağacın budaqlarını kəsməyə bənzəyir”.
 

demokrat.az

Xəbərlər