Cəmiyyət 20 İyun 2023, 16:50 | Baxış sayı: 215
"Artıq quru sərhədlərin açılmasının vaxtı çatıb"

Məlum olduğu kimi, aprelin 19-da Nazirlər Kabinetinin verdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü ilin 1 iyul saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət sabitdir, hətta gündəlik 1-2 nəfərdə yoluxma aşkarlandığını nəzərə alsaq pandemiyanın bitdiyini də demək olar. 

İyulun 1-nə isə sayılı günlər qalır. İndi Azərbaycanda çoxları Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar bağlanmış quru sərhədlərin yenidən açılacağı barədə qərarını gözləyir. Çünki hələ ötən ayın əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ildən qüvvədə olan COVID-19 üçün qlobal fövqəladə vəziyyətin sona çatdığını elan edib və üstəlik Azərbaycanda koronavirus yox dərəcəsindədir. 

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, pandemiyadan sonra Azərbaycan vətəndaşlarının ən aktual olaraq gündəmdə saxladığı məsələlərdən biri qonşu ölkələrlə quru sərhədlərin açılması məsələsidir.

Onun sözlərinə görə, buna ehtiyac var:

"Çünki sərhədlərin açılması təkcə turizm mübadiləsi deyil, həm iqtisadiyyat, həm mədəni mübadilə deməkdir, həm təhsil turizmidir, həm sağlamlıq turizmidir, həm nəqliyyat kommunikasiyalarının yenidən öz ənənəvi iş rejiminə qayıtmasıdır, həm də nəqliyyat daşıyıcısı vasitələrin, şirkətlərin gəlir mənbəyi deməkdir. Ona görə də mən düşünürəm ki, artıq vaxtı çatıb ki, sərhədlər açılsın. Bu, bir ictimai sifarişə çevrilib. Amma bununla bağlı, şübhəsiz ki, Operativ Qərargahda da məlumatlar əldə edilir, analiz edilir. Ən doğru qərarı şübhəsiz ki, Operativ Qərargah verəcəkdir. Amma bütün hallarda belə bir zərurət var və mən düşünürəm ki, quru sərhədlər açılsa çox yaxşı olar".

Mənbə: Redaktor.az

Xəbərlər