"Artıq hal şahidi institutu həm qanunvericilikdə, həm də praktikada faktiki zərurətini itirməkdədir"
Rəqabət Məcəlləsinin təsdiq edilməsi barədə Qanun layihəsi mütərəqqi layihədir".
Bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında çıxışında deyib.
Deputat çıxışında Məcəllə layihəsinin 54-cü maddəsi - "Hal şahidinin iştirakı" məsələsinə dair təklifini səsləndirib.
"Bildiyiniz kimi, prosessual qanunvericilikdə "prosesdə iştirak edən digər şəxslər" anlayışı var və hal şahidi institutu da bu anlayışa daxildir. Hal şahidinin də yeganə funksiyası, sadə formada desək, gördüyünü təsdiq etməkdir.
Rəqabət Məcəlləsi layihəsinin 54.1 və 54.2-ci maddələrində də müəyyən edirik ki, qanunda nəzərdə tutulmuş hallarda yoxlama keçirərkən baxış və götürmə zamanı azı iki fiziki şəxsdən ibarət hal şahidləri dəvət edilsin. Əslində, bu o zamanın yanaşmasıdır ki, müasir dövrdəki kimi operativ video çəkiliş imkanları olmayıb, amma indi effektiv videoçəkiliş imkanları var, ən azı telefonlar vasitəsi ilə bu mümkündür. Bunun nəticəsidir ki, artıq hal şahidi institutu bu gün həm qanunvericilikdə, həm praktikada faktiki zərurətini itirməkdədir. Çünki prosesin kamera ilə vizual formada sənədləşməsi həm daha operativdir, həm də obyektivdir və hal şahidlərinə münasibətdə ənənəvi şübhələrə yer qoymur.
Bildiyiniz kimi, elə layihənin 54.6-cı maddəsində də nəzərdə tutulur ki, rəqabət orqanı tərəfindən video çəkilişdən istifadə olunduqda hal şahidləri dəvət edilməyə bilər. İndi layihənin özündə də videoçəkiliş imkanına yer verilmişkən, əlavə olaraq, hal şahidi institutuna yer ayırmağımız qanunvericiliyin inkişaf tendensiyasına uyğun deyil və sadəcə prosesi ağırlaşdırır.
Ona görə də Rəqabət Məcəlləsi layihəsində Qanunun 54-cü maddəsinin "Baxış və götürmə prosesinin videoyazıya alınması" adlandırılması, məzmunun isə yalnız mövcud layihənin 54.6-cı maddədən ibarət olması məqsədəmüvafiq olar", - deyə B.Məhərrəmov qeyd edib.//E-huquq.az