"Artıq bu sahədə də xüsusən uşaq idmançıların yetişdirilməsi, ölkə çempionatlarının daha çox keçirilməsi və ən yaxşı idmançıların seçilməsi lazımdır".
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Cavid Osmanov “Qafqazinfo”ya müsahibəsində Tokio Yay Olimpiya oyunlarından danışıb. O, bu çıxışları yaxından izləsə də, nəticələri o qədər də qənaətbəxş hesab etmir:
“Birincisi, eyforiyaya qapanmaq olmaz. Bundan əvvəl Azərbaycan idmançılarının Olimpiya oyunlarında qazandığı uğurları yüksələn dinamika üzərində müşahidə edirdik. Bu, çox sevindirici haldır. Azərbaycan idmançılarının hər hansı yarışlarda, beynəlxalq turnirlərdə Avropa Oyunlarında xüsusilə erməni idmançılar üzərində əldə etdiyi qələbələrə çox sevinirdik. Bu da başadüşüləndir.
Ancaq eyni zamanda nəzərə alınmalıdır ki, dünyada koronavirus pandemiyası tüğyan edir. Bir çox ölkələrdə böyük qapanmalar oldu. İdmançılarımız müəyyən dərəcədə beynəlxalq turnirlərdən kənarda qaldılar. Daxildə də müəyyən mənada sərt karantin dövründə məşqlər də edə bilmədilər”.
C. Osmanov əlavə edib ki, sözügedən nəticələrə eyni zamanda Azərbaycanın apardığı haqq mübarizəsi də təsir edib: "Digər tərəfdən, ən vacib məqam 2020-ci ilin Azərbaycan üçün çox taleyüklü olması ilə bağlıdır. Dövlət və xalq olaraq 2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən, bütövlükdə Azərbaycanın ən ağır problemini-işğaldan azad edilmiş torpaqlarımızı azad etməyimizə bütövlükdə xalq olaraq sevindik. Vətən Müharibəsinə daha çox kökləndik.
Görünür, idmançılarımız bu ərəfədə də müəyyən mənada birmənalı olaraq, hər bir Azərbaycan vətəndaşı kimi məhz torpaqlarımızın işğaldan azad olunmasına köklənmişdi. Bundan sonrakı mərhələdə regionda baş verən hadisələr, o cümlədən ərazilərimizin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan xalqı milli birlik nümayiş etdirir.
Ancaq bütün hallarda buraxılmış səhvlər üzərində ciddi nəticələr çıxartmağımız lazımdır. Qarşıda növbəti beynəlxalq yarışlar olacaq. Bu baxımdan da Tokio Yay Olimpiya oyunlarında buraxılan nöqsanlardan nəticə çıxarmaq lazımdır.
Bundan əlavə, idman federasiyaları və ümumilikdə idman sahəsi ilə məşğul olan dövlət qurumları bütün səhvləri təhlil və analiz etməli, bundan sonrakı mərhələdə daha güclü və köklənmiş şəkildə məşqlər edilməlidir.
Daha çox beynəlxalq turnirlərdə məşqlər olmalıdır. Hesab edirəm ki, artıq bu sahədə də xüsusən uşaq idmançıların yetişdirilməsi, ölkə çempionatlarının daha çox keçirilməsi və ən yaxşı idmançıların seçilməsi lazımdır. Bütün bunların fonunda idman federasiyalarının bu işdə daha səmərəli fəaliyyət göstərməsi labüddür”.