"Artıq Ağdam və Laçın yollarının paralel işlənilməli olduğunu hamı qəbul edir"
Qarabağa göndərilən yükün məhz Ağdam yolu ilə Xankəndiyə çatdırılması Azərbaycanın növbəti qələbəsi və növbəti dəfə beynəlxalq hüququn aliliyini təmin etməsidir.
Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, Prezident İlham Əliyev necə ki iradə və qətiyyət nümayiş etdirərək Vətən müharibəsində BMT TŞ qətnamələrinin icrasını hərbi-siyasi yolla təmin etdi, eləcə də qələbədən doğan gücümüz, artan hərbi-siyasi imkanlarımız və qlobal miqyaslı lider kimi özünün şəxsi nüfuzu hesabına ciddi maneələri qətiyyətlə dəf edərək BMT Nizamnaməsinin 2-ci maddəsinin 4 və 5-ci bəndlərinin, habelə beynəlxalq hüququn prinsiplərinin aliliyinə nail oldu: “Azərbaycan Prezidenti göstərdi ki, bu regionda şərtləri diqtə edən bizik. Heç şübhəsiz ki, Ağdam-Xankəndi istiqamətində maneələri və toplanmış ünsürləri hərbi yolla aradan qaldırmaq Azərbaycan üçün çətin deyildi. Beynəlxalq hüquq da Bakının tərəfində idi. Üstəlik, heç bir qüvvə, nə Ermənistan və havadarları, nə də separatçı rejim mümkün hərbi qarşıdurmada Azərbaycanın qələbəsinə şübhə etmirdi. Lakin Ermənistan və havadarları hərbi qarşıdurmaya aprel ayından başlanmış "şou"nun kuliminasiya nöqtəsi kimi baxırdı. Prezident İlham Əliyev isə böyük müdriklik və siyasi təmkin göstərib prosesləri qətiyyətlə idarə edərək, məhz Bakının siyasi iradəsinin əsas olduğunu göstərdi. Eyni zamanda Ağdam yolundan yükün daşınması ilə Ermənistan və Qərbin "humanitar fəlakət şousu"na nöqtə qoyuldu.
Prezident İlham Əliyevin bu qələbəsi, həmçinin mümkün qarşıdurmalarda şəhid olmağı şərəf biləcək Azərbaycan əsgərini qorudu, xalqımız şəhid vermədən, qansız-qadasız növbəti qələbənin təntənəsini yaşadı”.
Deputat qeyd edib ki, Ağdam-Xankəndi yolu ilə daşıma həmçinin qlobal gündəliyə də təsir edəcək hadisədir: “Proseslərin məntiqi nəticəsi olaraq artıq “Laçın dəhlizi” anlayışı gündəlikdən çıxır, artıq Ağdam və Laçın yolunun paralel işlənilməli olduğunu hamı qəbul edir. Laçın sərhəd-buraxılış məntəqəsindən keçid isə hər hansı xüsusi şərtlərlə yox, yalnız Azərbaycan Respublikasının Sərhəd və Gömrük qanunvericiliyinin tələblərinə müvafiq olaraq mümkündür. Daha dəqiq desək, artıq ortada Azərbaycanın nəzarətindən kənar hər hansı yük və ünsürün daşına və keçə biləcəyi "dəhliz" mövcud deyil. Bu məhz 2023-cü ilin aprelin 23-də Azərbaycanın suveren hüququ kimi Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinin əsas qayəsi idi ki, nəhayət, hər kəs də cari reallığı qəbul etdi. Mövcud situasiyada iri güclər, xüsusən bölgədə maraqlarını gizlətməyən, Ermənistan üzərində təsirləri gücləndirməkdə olan ABŞ artıq beynəlxalq hüquqa hörmətini daha səhih ifadə etməlidir. Təəssüf ki, ABŞ Dövlət Departamenti beynəlxalq hüquqa hörmət məzmunlu çağırışlar etsə də, özü beynəlxalq hüququn prinsiplərinə ikili standartlardan yanaşır. Lakin Vaşinqton dolayı məqsədlər güdən ümumi bəyanatlar verməklə regionda nəyəsə nail olmayacağını anlamalı, İrəvana təsir imkanlarından istifadə edərək Ermənistana razılaşmalara əməl etmək üçün təzyiq göstərməlidir”./APA