Siyasət 26 Yanvar 2024, 3:46 | Baxış sayı: 84
"Ard-arda çıxışlar edirdim ki, Avropa Şurasını önləyək, üzvlükdən çıxaq, bizə belə təşkilat lazım deyil"

“Azərbaycan ATƏT-ə üzv kimi daxil olanda demişdim ki, ATƏT “at” və “ət” sözündən ibarətdir. Atın qabağına ət qoyurlar, yeyən deyil. Bu ATƏT Qarabağ problemini həll etməyəcəkdi. Eyni zamanda Azərbaycan Avropa Şurasına daxil olanda da qəti etirazımı bildirmişəm ki, bunların qabağında sınmaq olmaz. Avropa Şurası bizdən tələb edirdi ki, seksual azlıqların hüquqlarını müdafiə edək, torpaqlarımızı erməni əsarətindən hərbi yolla azad etməkdən əl çəkək. Onda da təpik döyürdüm. Nəhayət, 3 ildir, ard-arda çıxışlar edirdim ki, Avropa Şurasını önləyək, üzvlükdən çıxaq, bizə belə bir təşkilat lazım deyil. Təsəvvür edin, xristian təəssübkeşliyi o qədər qudurğan həddə çatıb ki, alçaqcasına bizdən “siz Laçın postunu oradan yığışdırın” tələbini edirlər. Guya ermənilər sərbəst gəlib-getsinlər. Onlar bilmirdilər ki, Laçın yolundan mina, hərbi sursat daşınır, 10 mindən yuxarı ermənistanlı gəlib Azərbaycan torpaqlarında yerləşmişdi? Hər şeyi yaxşı bilirlər. Necə ola bilir ki, indi onlar bizə bu cür tələblər irəli sürürlər?” 

 

Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

 

Deputat xatırladıb ki, ötən ilin dekabrında Azərbaycan əleyhinə murdar qətnamə qəbul edilib: “Bunlar insan hüquqlarından və s. istifadə edirlər. Hamısı taktikadır. Əsas isə strategiyadır: İslam, türk düşmənçiliyi, Azərbaycanafobiya. Buna görə əsəbləşirəm ki, axı zamanında bu təşkilatlara daxil olmağın əleyhinə olmuşam. Vaxtında bunlardan imtina etməyi tələb etmişəm. Az qala hər il parlamentdə çıxış etmişəm ki, bu, yaramaz. İndi nəyə lazım idi ki, gözləyəydik, təhqir olunardıq?! Gərək, nümayəndə heyətimizin səlahiyyətləri təsdiq olunmayaydı, bundan sonra bəyanat verib belə deyəydik? Guya biz səbir nümayiş etdiririk. Yox, biz onların arxası ilə sürünməli deyilik! Görmürlər ki, Avropa Məhkəməsində qərəzli qətnamələr qəbul edirlər? Yaxşı, deyək ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinə səni müşahidəçi kimi dəvət etməyiblər. Bu sözdür? Dəvət etmirəm səni! Bundan ötrü anti-demokratik oluram? Borcumdur ki, bütün təşkilatları dəvət edəm? Sizin ortada öz qərəziniz var. İkincisi, insan hüquqlarından danışırsan, yenə danış. Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı belə alçaq mövqe tutmaq... Məni bağışlayın ki, siyasətçi olmağıma baxmayaraq, bu cür ritorikadan istifadə edirəm. Hesab edirəm, Azərbaycanın AŞPA ilə əməkdaşlığı dayandırması heç müvəqqəti xarakter daşımamalıdır. Birdəfəlik bu təşkilatlardan imtina etmək lazımdır. 10 illər ərzində Azərbaycana iynənin ucu boyda hər hansı kömək etməyiblər, amma haqqımızda, Türkiyəyə, bizə münasibətdə nə qədər qətnamələr qəbul edirlər. Buna görə də ayrılmaq lazımdır. Hətta dəvət etmək lazımdır ki, digər İslam və türk dövlətləri də bu təşkilatla hər cür əməkdaşlığını kəssinlər”. 

pravda.az

Xəbərlər