Siyasət 28 Sentyabr 2023, 17:39 | Baxış sayı: 179
"Antiterror tədbirləri beynəlxalq hüquqa tam uyğun şəkildə reallaşdırılıb"

"Azərbaycanın lokal antiterror tədbirləri zamanı mülki əhali və obyektlər hədəfə alınmayıb və bu tədbirlər beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb".

Bunu Milli Məclisin sədri Sahibə Qafarova İrlandiya Parlamentinin Nümayəndələr Palatasının sədri Şon Oferghail ilə görüşdə səsləndirib.

Görüşdə regionda mövcud olan vəziyyət barədə geniş məlumat verən Sahibə Qafarova xatırladıb ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə təmin edib və qarşı tərəfə beynəlxalq hüquqa əsaslanan 5 prinsipdən ibarət sülh sazişi təklif edib. O, təəssüflə qeyd edib ki, artıq 3 ilə yaxındır ki, Ermənistan bu sənədi imzalamayıb.

Milli Məclisin sədri, həmçinin diqqətə çatdırıb ki, Ermənistan “blokada”, “humanitar böhran” kimi əsassız iddialarla beynəlxalq miqyasda Azərbaycana qarşı siyasi şantajını davam etdirib.

Spikerin sözlərinə görə, Ermənistan bu müddət ərzində Qarabağdan 10 min hərbçisini çıxarmayıb, onlara maddi dəstək verib, silah-sursatla təmin edib, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimi dəstəkləyib.

Sahibə Qafarova Ermənistanın ötən dövr ərzində sərhəddə təxribatlar törətdiyini, Azərbaycan ərazilərini minalamaqda davam etdiyini də diqqətə çatdırıb: "Ötən həftə bu təxribatların sayı daha da artıb. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak olub və yaralanıb. Bütün bunlar Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasına səbəb olub. Bu tədbirlərin məqsədi Azərbaycanın Qarabağ regionunda qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq, terrorçu dəstələri Azərbaycanın Qarabağ regionundan çıxarmaq olmuşdur. Lokal xarakterli antiterror tədbirləri həmçinin, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşıyıb".

Spiker bildirib ki, sentyabrın 20-də Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olunub. Bu razılaşmaya əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərksilah olunmalıdır.

O, hazırda bu prosesin həyata keçirildiyini söyləyib.

report.az

Xəbərlər