"Ancaq yenə də hər hansı bir deputat belə bir ehtiyac hiss edərsə, qanuna müvafiq qaydada silahla bağlı tələb təmin edilə bilər".
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-ın deputatların silah gəzdirməsi barədə sorğusuna cavab verib. Nazirliyin mətbuat katibi Ehsan Zahidov, bildirilib ki, deputatlar arasında silah gəzdirmək hüququndan istifadə edənlər yoxdur. Bu barədə DİN-ə müraciət edən deputatın olmadığını deyib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu da deputatın statusu haqqında ayrıca qanun olduğunu xatırladıb. Deputatın sözlərinə görə, Milli Məclisin üzvləri seçkili orqanın təmsilçiləri olduqları və xalq tərəfindən konkret dairələr üzrə seçildiklərindən onlara öz fəaliyyətlərini sərbəst və azad şəkildə həyata keçirmələri üçün belə bir status tanınır:
“Bu qanunun 12-ci maddəsi deputatların toxunulmazlığı haqqındadır. Orada Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə istinadən deyilir ki, deputatın şəxsiyyəti toxunulmazdır və bu toxunulmazlıq onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.
Deputatın statusu haqqında qanunun 12.1. maddəsində isə onun təhlükəsizliyinin təmin edilməsi öz əksini tapır. Qeyd edilir ki, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Ancaq hazırda bütün vətəndaşlarımız kimi deputatın da təhlükəsizliyi dövlətimiz tərəfindən ən yüksək səviyyədə qorunduğu və onu təhdid edən heç bir amil olmadığı üçün bu səlahiyyətdən istifadə etmək zərurəti yoxdur. Ancaq yenə də hər hansı bir deputat belə bir ehtiyac hiss edərsə, qanuna müvafiq qaydada silahla bağlı tələb təmin edilə bilər”.