Cəmiyyət 29 İyul 2022, 19:46 | Baxış sayı: 78
AMEA-da aparılan dəyişikliklər inkişafa yola açacaqmı? - Deputatlar nə düşünür?

İyulun 28-də Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilib.
 Bundan bir neçə gün öncə bəzi media orqanlarında AMEA-nın fəaliyyəti sərt tənqid olunmuşdu. Qurumun Akademik Rəyasət Heyətinin bugün keçirilən iclasında isə idarəetmənin yenidən qurulması, təkminləşdirilməsi, müasirləşməsi, ölkə reallığına uyğunlaşdırılması və dünya təcrübəsinə inteqrasiyası müzakirə olunsa da, AMEA-da prezident seçkiləri müzakirəyə çıxarılmayıb.
Belə olan halda AMEA-da aparılan dəyişikliklər inkişafa yola açacaqmı?
 Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov  meclis.info-ya bildirib ki, atılan addımlar, Təhsil nazirliyinin adının dəyişdirilərək Elm və təhsil Nazirliyi adını alması elmin inkişafı istiqamətində mühüm addımlar olsa da, hələ görüləsi bir çox işlər var.
Onun fikrincə, ilk növbədə alimlərin maddi durumunun yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır:
“Bugün gənclərin elmə marağı azalıb. Çünki orada fəaliyyət göstərməklə həyat şəraitini təmin etmək çətindir”-, deyə deputat bildirib.
Komitə üzvü Azərbaycan alimlərinin beynəlxalq konfranslarda iştirakının təmin edilməsi üçün maliyyə vəsaiti ayrılmalı olduğunu qeyd edib.
Onun sözlərinə görə, alimlərin yeni əsərlərinin nəşri məsələsi diqqətdə saxlanılmalı, doktranturaya qəbul prosesi iki mərhələdən birə endirilməlidir:
“Elm sahəsində inkişafdan danışırıqsa, artıq hər iki qurumun üzərinə vəzifə düşür. Həm AMEA-nın, həm də Elm və təhsil Nazirliyinin”.
Mətbuatda, eyni zamanda Parlamentin plenar iclaslarında bu kimi fikirlərlə çıxış etdiyini söyləyən deputat növbəti sessiyada bu məsələyə bir daha qayıdacağını bildirib.
“Yəni biz akademiyanı işlək bir quruma çevirməliyik. AMEA da anlamalıdır ki, bu quruma cəmiyyətin etimadını yenidən azanmaq üçün etimad göstərilib. Bu isə son şanslardan biridir, onu doğrultmağa çalışmaq lazımdır” - Ceyhun Məmmədov sonda əlavə edib.
Elm və təhsil komitəsinin digər üzvü, deputat Müşfiq Məmmədli isə prezident İlham Əliyevin elm və təhsil sahəsi ilə əlaqədar dünən verdiyi fərmana diqqət çəkib.
Onun fikrincə, bu addım elm sahəsində daha çevik idarəetməni təmin edəcək.
Müşfiq Məmmədlinin atılan addımlardan gözləntisi isə elm sahəsinin siyasət meydanına çevrilməməsidir:
“Daha çox elmi ixtiralar, bunun cəmiyyət həyatına sürətli tətbiqi və nəticə etibarilə elmi yeniliklər arzulayırıq. Qonşu ölkələrdə biz artıq elmin real həyatda hansı dəyişikliklərə gətirib çıxardığının şahidiyik ”.
Deputatın 4-cü nəsil universitetlərin yaradılması təklif edib:
“Burada elmi biliklər konkret istehsalat sahəsi ilə əlaqələndirilir. Həmin elmi biliklər nəticəsində ortaya çıxan startaplar isə çox qısa müddət ərzində tətbiq olunur. Əvvəlki modelin mənfi cəhəti də məhz bu idi. O cəhətdən sənaye ilə inteqrasiya olunmuş universitetlərin yaradılması çox mühümdür”.

Paylaşın

Xəbərlər