Cəmiyyət 14 Fevral 2022, 15:00 | Baxış sayı: 252
"AMEA beyin mərkəzinə çevrilmək əvəzinə, vaxtaşırı siyasi intiriqalarla gündəm yaradan şər-şəbədə ocağına çevrilib".

Son günlərdə Ramiz Mehdiyevin açıqlaması müzakirələrə səbəb olub. Bir çox deputatlar da məsələyə münasibət bildiriblər:

Musa Qasımlı: "Təəssüf edirəm ki, Akademiya prezidenti vəzifəsində olan şəxs bu qədər cılızlığa əl ataraq, təkcə məni deyil, digər deputatları da təhqir etdi. Ramiz Mehdiyevin səviyyəsinə enmək istəmirəm, amma bəzi gerçəklikləri söyləməyi vacib hesab edirəm. Mən Ramiz Mehdiyevi istefaya çağıran AMEA-nın həqiqi və müxbir üzvləri arasında ilk şəxsəm. Öz yazımda Ramiz Mehdiyevin şəxsiyyətinə qətiyyən toxunmamışam. AMEA-dakı problemləri, gənclərin elmdən getməsini, doktorantura və dissertanturaya yerlərin boş qalmasını, əlaqələndirmə şuralarını ləğv edib, öz əlində cəmləşdirib, adamlarını yığmasını, institutların hesabatına institut rəhbərlərinin çağırılmamasını akademiyada yaratdığı intriqa, dedi-qodu mühitini demişəm. Bundan da çıxış yolu kimi Ramiz Mehdiyevi istefaya səsləndirmişəm".

Bəhruz Məhərrəmov: “Azərbaycan Milli Elmlər Akademiyasında baş verənlər içlər acıdır. Böyük kişilərin qurduğu bu əzəmətli təşkilat nə yazıq ki, indi cılızların nəhəng intriqa yuvasına dönüb”.

B.Məhərrəmov qeyd edib ki, əslində baş verənlər akademiyanın sərhədlərini çoxdan aşıb, bu mənada prosesləri anlamaq üçün AMEA-da nələr baş verir yox, “cənab Ramiz Mehdiyev nə planlayır,” sualına aydınlıq gətirilməlidir: “Hər şey Ramiz müəllimin islahatları ilə başladı. Açığı islahatlara başlananda mənə çox təəccüblü gəlmişdi ki, akademiya kimdən təmizlənir?! Zatən ən azı son 25 ildə elm də, təhsil də birbaşa Ramiz müəllimin öz “kurasiyasında” olub. Akademiyanın iclaslarında Ramiz müəllim həmişə Rəyasət Heyətində qərarlaşardı. Yəni, akademiyada nə olubsa onun özünün nəzarətində və razılığı əsasında baş verib. Bu halda, AMEA-da islahat adlandırdıqları indiki dəyişikliklərin yeganə məqsədi dövlət içində dövlət qurmaq, akademiyanı siyasi güc mərkəzinə çevirməkdən başqa nədir? İstər toy olayı, istərsə də son baş verənlər, xüsusən, dünənki yazı ilə cənab Mehdiyev göstərdi ki, bəli, akademiyanı istədiyi formata salmaq üzrədir. Bu ciddi təhlükədir, xanımlar və cənablar! Fikir versizsə, AMEA və şəxsən Ramiz müəllimin özü haqqında hər hansı faktlar ictimai müzakirəyə buraxılanda dərhal ölkədə gündəmi dəyişəcək bir olay yaradılır və sağ olsun mediamız da bilərəkdən, ya bilməyərəkdən bəh-bəhlə ölkə gündəmini yeni istiqamətdə yönəldir.


Cavid Osmanov: "Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ətrafında vəziyyətin gərginləşməsi, elm adamlarının, ictimai-siyasi xadimlərin Akademiyada Ramiz Mehdiyev tərəfindən həyata keçirilən "islahat"lara qarşı çıxması və qurumun, ümumiyyətlə, elm ocağı kimi idarə edilməməsi hər birimizi düşündürür. AMEA-nın rəsmi saytında yerləşdirilən açıqlama Azərbaycan dövlətçiliyinə birbaşa zərbə vurmaq niyyəti daşıyır. Bu açıqlamadan sonra Ramiz Mehdiyev təkcə Akademiyanın rəhbərliyindən deyil, ümumilikdə ölkə gündəmindən getməlidir".

Deputat qeyd edib ki, Ramiz Mehdiyev dövlətçilik və milli birliyik əleyhinə olan açıqlaması ilə ölkənin ictimai-siyasi sabitliyinə çox ciddi təsir göstərməyə çalışıb: “Son zamanlar ölkədə inkişaf etməkdə olan siyasi konfiqurasiya mühitinə zərbə vurmaq və bununla da milli birliyimizi zədələmək cəhdi onun açıqlamasında açıq-aydın hiss edilir. Həmin yazıda bəzi partiyaların "cib" və "avtobus" müxalifəti adlandırması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, o partiyaları bu cür adlandıran Azərbaycana qənim kəsilmiş qüvvələr, radikallar - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura, Vətəndaş və İnkişaf Partiyası və Müsavat Partiyası kimi dövlətimizin milli birliyinə zərbə vurmaq niyyətində olanlar, Azərbaycanın böyük  qələbəsini həzm edə bilməyənlərdir.
 

“Azərbaycan Milli Elmlər Akademiyasının cavabında deyilənləri nə müxalifət kimi özümə və partiyamıza aid edirəm”.

Bu sözləri bu gün TV Müsavatın efirində Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Erkin Qədirli bildirib. Onun sözlərinə görə, sözügedən müraciətdə sadalanan “saxta deputat”, “cib və avtobus müxalifəti” ifadəsi daha öncə də başqaları tərəfindən səsləndirilib: “Özündən soruşmaq lazımdır ki, kimə deyib, kimi nəzərdə tutmuram. Onun özü olmadan müzakirəsini doğru hesab etmirm. Həm leksikon, həm fon, həm tərz nə siyasətçilərə, nə alimlərə, parlamentə, akademiyaya, mətbuata yaraşmır. Tənqid olunan şəxslər olmamalıdır, hərəktərlə olmalıdır. Amma görürük ki, bu, ona söz atır, o biri cavab verir. Artıq sosiaı şəbəkə səviyyəsinə enmiş məsələdir. Mən özümü bu məsələdə görmürəm”.

E.Qədirli eyni zamanda bildirib ki, akademiyada baş verən problemlərini Ramiz Mehdiyevin ayağına yazmaq olmaz. Millət vəkilinin sözlərinə görə, sabah R.Mehdiyevi sözügedən qurumdan çıxarsalar və qurum islah olunmasa, o problemlər qalacaq: “Yıxılanı baltalamaq doğru deyil. Şəxsiyyətlərin müzakirəsini düzgün saymıram. Problemlərə yanaşma düzgün deyil. Nə onun sözlərini özümüzə aid edirəm, nə də cavab vermək ehtiyacı hiss edirəm. “Beşinci kalon” sözü çox sui-istifadə edilib. Hamı beşinci kalondan danışır, amma ondan öncəki dörd kalindan danışan yoxdur”

.

Hikmət Babaoğlu: "Azərbaycanın milli məsələlərdə konstruktiv mövqe nümayiş etdirməyi bacaran , xalqdan səs alaraq parlamentdə təmsil olunmaq hüququ qazanan müxalifətə "cib, yaxud avtobus müxalifti" deməsi , indi isə akademikin onlara istinad etməsi maraqlı bir şübhə yaradır. Görəsən "cib, yaxud avtobus müxalifəti" terminləri bumeranq terminlərdirmi? Yəni vaxtilə radikallara ötürüb indi də özlərimi istinad edirlər? Akademik Ramiz Mehdiyevin cavabında ikinci ciddi ittiham ilk baxışda müxalifət liderlərinə yönəlmiş kimi görünsə də, ancaq dərin qatlardakı hədəf yenə də Azərbaycan cəmiyyəti və hakimiyyətidir".


Tahir Rzayev: "Ramiz Mehdiyev reallıqlarla barışmalı və vəzifədən getməlidir. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaranmış vəziyyət ictimaiyyəti narahat edir. Müqəddəs elm ocağı, alimlərin məkanı sayılan Akademiyanın intriqa məkanına çevrilməsi, Ramiz Mehdiyevin alimlərlə təhqir və söyüş dili ilə danışması, dövlət içində yeni dövlət yaratmaq cəhdi, nöqsanlarını deyənlərə qarşı düşmən mövqe tutması akademikə, böyük kollektiv rəhbərinə yaraşmayan haldır. Bu, bağışlanılmazdır".

 

Rüfət Quliyev: "Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyev özünü "suqsvanq" vəziyyətinə salıb. Yəni, necə addım atmasından asılı olmayaraq, məğlubiyyətlə üzləşir. Sual yaranır ki, Ramiz Mehdiyevin səbəb olduğu belə bir çaxnaşmaya, doğrudan da, ehtiyac var idimi?! Hesab edirəm ki, AMEA-da ilk növbədə dərin islahatlar aparılmalı idi. Təəssüf ki, biz son iki ildə belə cəhdlərin şahidi olmamışıq və yaxud da atılan addımlar müsbət nəticə verməyib. Digər tərəfdən isə, elm ocağını intriqa yuvasına çevirməyə, ümumiyyətlə, ehtiyac yox idi".

 

Vüqar Bayramov: “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı gündən dünyaya çıxmağa iddialı böyük elmi tapıntılara, gələcək vəd edən axtarışlara münbit şərait yaradan bir elm ocağı kimi tanınıb. Akademiyanın prezidentlərindən elə təkcə Yusif Məmmədəliyevi xatırlamaq kifayətdir. Böyük akademikimizin bütün dünyanın qəbul və tətbiq elədiyi elmi kəşfləri faşizm üzərində qələbə çalınmasında əvəzsiz rol oynamaqla yanaşı, bu gün də sənayenin müxtəlif sahələrində uğurla istifadə olunur, öz elmi dəyərini qoruyub saxlayır. Azərbaycan iqtisadiyyatının daha çox elmi ixtiralara, innovasiyalara ehtiyacı olduğu, elmi-texniki nailiyyətlərin istehsalata tətbiqinin böyük aktuallıq kəsb etdiyi indiki dönəmdə AMEA dedi-qodularla fitnə və qeybətlə gündəmə gəlir. AMEA-nın son rəsmi açıqlaması bir daha təsdiq etdi ki, Akademiya elmi sınaq və təcrübələrin aparıldığı, müzakirələrin keçirildiyi beyin mərkəzinə çevrilmək əvəzinə, vaxtaşırı siyasi intiriqalarla gündəm yaradan şər-şəbədə ocağına çevrilib”.

 

Razi Nurullayev: “Hörmətli Erkin Qədirlini tanıdığım qədər səmimi insandır. Ancaq “Yıxılanı baltalamaq olmaz” fikrinin reallığı əks etdirməsi ilə razı deyiləm. Mən də yıxılanı baltalamağın tərəfdarı deyiləm və bunu etmirəm. Birmənalı olaraq. Cəsarəti olan, məmurun vəzifədə olduğu zamanda tənqid etsin. Nə var yıxılanı vurmağa? Razıyam ki, bizdə yıxılanı vurmağa meyllənən çoxdur. Yıxılsaydı, bu qədər insan ona qarşı birləşər və va birləşdirilərdimi? Amma hörmətli Ramiz Mehdiyev yıxılmayıb axı. Təhlükəsizlik Şurasının üzvüdür. O boyda AMEA-nın prezidentidir və hələ də qılıncı itidir. O yıxılan zaman bütün ətrafı, qohum-əqrabası da yıxılacaq. Bu ölkəmizin reallığıdır. Amma mən qohumların, oğul-uşağın valideynə görə cəzalandırılmasına qarşıyam və qəti mövqeyimdir”.

 

Vahid Əhmədov: “Ramiz Mehdiyevin məlum bəyanatını oxuyanda insana elə gəlir ki, sanki Azərbaycan cəmiyyətində heç bir sağlam qüvvə mövcud deyil. Millət vəkillərindən tutmuş siyasətçilərə qədər hər kəsi hədəf alan, onları sadəcə maddi maraqların əsiri olan, peşə sədaqətindən, ali insani dəyərlərdən, o cümlədən vətən və dövlət sevgisindən məhrum insanlar kimi təqdim edən bu bəyanat sadəcə yalan və böhtanlarla deyil, həm də hədə ritorikası ilə zəngindir. Dünya şöhrətli mütəfəkkirlərin sitatları ilə dolub-daşmasına baxmayaraq, kin və nifrət hissi ilə yazılan, bütövlükdə Azərbaycan cəmiyyəti, onun intellektual kəsimi haqqında ikrahedici mənzərə formalaşdıran bu bəyanatda yer alan fikirlərin həqiqətdən nə qədər uzaq olduğunu anlamaq üçün bəzi nüanslara nəzər salmaq kifayətdir”. Pravda.az xəbər verir ki, bunu Modern.az-a deputat Vahid Əhmədov Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin istefa çağırışlarına verdiyi cavab haqda danışarkən deyib. Deputat bildirib ki, Mehdiyevin bəyanatı nə üslub, nə məntiq, nə də əxlaqi baxımından qəbuledilən deyil"


Azay Quliyev: 

"Baxın, görün uzun illər dövlətin ən mühüm postlarından birini tutmuş, Prezident Administrasiyasına 25 il rəhbərlik etmiş Ramiz Mehdiyev “AMEA-nın mətbuat xidməti” adı altında yaydığı siyasi bəyanatında dövlətə, siyasi institutlara açıq hörmətsizlik edir, Milli Məclisə “özünü buraxmış parlament” deməklə ali qanunvericlik orqanını ələ salır, bir sözlə hakimiyyəti şantaj və təhdid etməkdən çəkinmir. Onu haqlı tənqid edən bütün alimləri və ictimai xadimləri isə savadsıqlıqda, sifariş yerinə yetirməkdə suçlandırır, deputatları isə “saxta” və “troll” adlandırır.

Bundan başqa Ramiz Mehdiyev ölkənin oturuşmuş və kifayət qədər tənqidi fəaliyətləri ilə seçilən müxalifət partiyalarını Vətən müharibəsi dövründə və ondan sonra xalqı, milləti, ordunu və Ali Baş Komandan və ölkə Prezidenti cənab İlham Əliyevi heç bir qarşılıq gözləmədən dəstəklədiklərinə, mənfur düşmənin torpaqlarımızdan qovulması və tarxi qələbəmiz üçün əllərindən gələn köməyi etdiklərinə görə “avtobus müxalifəti”, “cib müxalifəti” adlandırmaqla ölkədəki siyasi mühiti zəhərləməyə, ictimai-siyasi sabitliyi və milli həmrəyliyi sabotaj etməyə cəhd edir. Daha sonra isə özündən razı halda bəyan edir ki, ona yönələn tənqidlər guya ki “diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanıbmış”, yəni ölkədə durum o qədər pisdir ki, ictimai rəyi başqa səmtə yönəltmək ehtiyacı yaranıb və bunun üçün iqtidar onun istefasını süni şəkildə gündəmə gətirib. Göründüyü kimi, burada hakimiyyət açıq şəkildə hədəf seçilir, dövlət şantaj və təhdid olunur. Bütün bunları deyən Ramiz Mehdiyev sonra isə dövlətə, cənab Prezidentə sədaqətdən, etibardan dəm vurur və onun etimadını doğrultmaq üçün çalışdığını bildirir".

 

Elnur Allahverdiyev: “Uzun illər dövlətdə mühüm vəzifədə işləyən R.Mehdiyev bilmirmi ki, rəhbərlik etdiyi AMEA-nın fəaliyyət sferası siyasət deyil? Təbii ki, yaxşı bilir. Ancaq onu da bilir ki, tutduğu vəzifə səlahiyyətləri siyasi intriqaları, ambisiyalarını həyata keçirmək üçün yetərli deyil. Bu səbəbdən bir nömrəli elm mərkəzini siyasi alətə, kirli, böhtan dolu bəyanatları vasitəsilə ictimai rəyi zəhərləmək üçün meydana, platformaya çevirib. R.Mehdiyevin əvvəlki vəzifəsində yol verdiyi yanlışlıqlara görə çox suala cavab verməsi lazımdır. Çaşdırmaq, parçalamaq istədiyi cəmiyyətə bu suallara cavablar daha çox maraqlıdır. Görünür, o, ona ən azı yaşına görə edilən güzəşti, göstərilən hörməti tam fərqli anlamda dəyərləndirib və bəlkə də özü üçün normal, ancaq ölkəmiz, xalqımız üçün zərərli nəticə çıxarıb. Vətən müharibəsi ərzində və sonra xalqımızın əldə etdiyi birlik və həmrəylik belə görünür ki, onu daha da qıcıqlandırır, onun merkantil maraqlarına cavab vermir. Belə adam Azərbaycan elminin başında dura bilərmi? R.Mehdiyevin və onun rəhbərlik etdiyi AMEA-nın fəaliyyəti, yaydığı açıqlamaları cəmiyyətimizdə məhz buna görə hiddət doğurur. Elmimiz batıb gedir, ona rəhbərlik edən şəxs isə cılız siyasi hədəflər axtarışındadır. Nə əvvəlki vəzifəsindəki fəaliyyəti rəğbətə səbəb idi, nə də hazırki..."

 

Siyavuş Novruzov: "Təəssüflər olsun ki, belə bir tarixə malik olan Akademiyada bu gün milli inkişaf naminə elmi məsələlər deyil - pul mənimsəmək, qayda-qanun pozmaq kimi problemlər müzakirə olunur. Ən əsası, aparılan müzakirələr Azərbaycan dövlətçiliyinə, ictimai-siyasi mühitə, siyasi sistemə qarşı yönəlib. Daha dəqiq desək, AMEA-nın rəsmi saytında dərc olunmuş cavab xarakterli yazıda əksini tapan sözlər, fikirlər özündə təhlükəli məqamları ehtiva edir, Azərbaycanın milli maraqları hədəfə alınır".

 

Nurlan Həsənov: "Ramiz Mehdiyevin son uğursuz açıqlaması, məni çox təəccübləndirməklə, mənə həqiqətən məşhur “Üzüklərin hökmdarı” (Lord of the Rings) filmində güc üzüyünün arxasınca qaçan və sonda özünü məhfə aparan Gollum fiqurunu xatırladır. Çünki, bu yaşda Ramiz Mehdiyevin vəzifə və gücə olan bu hərisliyi, onu bu qədər ağır səhflər etməyə apara bilərdi. Nəyə və kimə lazımdır bu ambisiya?

O unutmamalıdır ki, Ramiz Mehdiyevi Ramiz Mehdiyev edən Ulu Öndər Heydər Əliyev olub, cənab Prezident İlham Əliyevin ona etimad göstərib Prezident Administrasiyası rəhbəri kimi vəzifədə saxlaması olub".

 

Müşfiq Cəfərov: “Son zamanlar AMEA-nın prezideti Ramiz Mehdiyevin açıqlaması gündəmə çevrilib. Çox təəssüf ki, Azərbaycan Milli Elmlər Akademiyasına prezidentlik edən bir şəxsin respublikanın qanunverici orqanı olan Milli Məclisi və deputatlarını hədəf alıb. Mən bu çıxışları nə elm adına, nə də AMEA-nın adına yaraşdırıram. Düşünürəm ki, Azərbaycan elminə rəhbərlik edən şəxs bu formatda danışmamalıdır”.

 

Naqif Həmzəyev: “Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevin son dövrlərdə ona qarşı səsləndirilən tənqid və ittihamlara cavab vermək əvəzinə, mətbuat xidməti tərəfindən yayımladığı açıqlama hər kəsi narahat edir. Onun xüsusilə də ölkədə gedən ictimai-siyasi proseslərə qiymət verməsi, Azərbaycanda keçirilmiş sonuncu və 5-ci çağırış parlament seçkilərinin obyektivliyinə kölgə salması uğurlu daxili və xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinə müəyyən dərəcədə zərbə kimi dəyərləndirilməlidir. Unutmamalıyıq ki, Ramiz Mehdiyevin ortaya qoyduğu siyasi mövqe müxalifətin səsləndirdiyi fikirlərlə paralellik təşkil edir. Bu, nəticə etibarilə hakim Yeni Azərbaycan Partiyasının ideologiyası və siyasətinə ziddir”.

 

Elman Nəsirov: "Son hadisələr göstərir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ciddi böhran yaşanır. AMEA, sanki, qütbləşib. Bir qütbdə Azərbaycanın tanınmış elm xadimləri Akademiyanın Prezidentinin istefasını tələb edir, digər qütbdə isə Ramiz Mehdiyev və onun komandası dirəniş nümayiş etdirirlər. Yəni bu, elmi mühit deyil. Ramiz Mehdiyev istefa verməklə həm öz sağlamlığını qorumuş olar, həm də Azərbaycan elmini xilas edər".

Deputat qeyd edib ki, mövcud mühitdə elmin inkişaf edə bilməyəcəyi aydındır: "Ümumiyyətlə, elm xadimləri Ramiz Mehdiyev barədə çox ciddi ittihamlar irəli sürürlər. Qeyd edirlər ki, o, AMEA-nı intriqa yuvasına çevirib və Akademiyada elmdən başqa yer şeyin şahidi olmaq mümkündür. Belə olan halda, Ramiz Mehdiyev mətbuat konfransı keçirərək nə baş verdiyinə aydınlıq gətirməli, ona qarşı səsləndirilən ittihamların əsaslı və əsassız olmasını izah etməlidir".

 

Səttar Möhbalıyev: “Ramiz Mehdiyev səhərdən axşama kimi kimə gəldi acı dilini uzadır. Hətta Milli Məclisin deputatlarını ağır təhqir etməkdən, onlara “troll” damğası vurmaqdan belə çəkinmir. Azərbaycan hökumətilə dialoqa gedən siyasi partiyaları “Cib müxalifəti” adlandırır. Ramiz Mehdiyev uzun illər təmsil olunduğu Azərbaycanın hakim komandası başda olmaqla, hər kəsə savaş açır, həddindən artıq sərt sifarişlər göndərməyə can atır. O, dövrünün bitməsi və qüruba enməsi ilə heç cür barışmaq istəmir. Mən bir deputat kimi buna çox təəssüflənirəm. Ramiz Mehdiyev Azərbaycanın qanunverici orqanı olan Milli Məclisin deputatları haqqında durmadan qeyri-etik sözlər işlədir və onlara çirkab atır. Ramiz Mehdiyevin Milli Məclisin ünvanına xoşagəlməz sözlər deməyə, yersiz təhdidlər irəli sürməyə haqqı çatmır. Mənə elə gəlir ki, Ramiz Mehdiyev dirəniş göstərməməli, sabah yox, elə bu gün istefa verməlidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında çox ciddi böhran yaşanmaqdadır. Artıq ölkənin bir çox ziyalıları Ramiz Mehdiyevə öz etirazlarını bildirir və Akademiyanın rəhbərliyinin dəyişdirilməsini təkidlə tələb edirlər. Buna görə də o, qeyd-şərtsiz istefa verməlidir. Çünki Ramiz Mehdiyev bu elm məbədini daha da inkişaf etdirmək, Azərbaycan elmini dünyaya daha çox tanıtdırmaq, yeni-yeni elmi naliyyətlər əldə etmək əvəzinə, elm ocağını dedi-qodu, intriqa yuvasına çevirib. Bundan çıxış yolu yalnız onun istefasından keçir. İnanırıq ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq”.

Xəbərlər